ATMU-da peşəkarlar və tələbələr üçün təlimlər keçirilir FOTOLAR

BP Azərbaycan şirkətinin Tədbirlər və Brend kommunikasiyaları üzrə meneceri Zaur Cəbrayıl Azərbaycan Turizm və Menecment Universitetində "Tədbirlər menecmentində qabaqcıl metodlar" mövsuzunda təlim keçirib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirin açılışında ATMU-nun rektoru professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor Eldar Aslanov, Biznes idarəçilik fakültəsinin dekanı Sənan Əliyev və "Menecment" kafedrasının müdiri İsrayil İsgəndərov iştirak ediblər.

Rektor Cəfər Cəfərov keçirilən tədbirin sənaye və təhsilin əməkdaşlığında səmərəli rol oynayacağına əminliyini bildirib. Azərbaycan təhsilinin qarşısında duran vəzifələrin uğurlu icrasını hər birimizin ümdə vəzifəsi kimi dəyərləndirib.

Tədbirlər menecmentində qabaqcıl metodların biznes sahəsində tətbiqinin üstünlüklərini ABŞ, Böyük Britaniya və Türkiyə iqtisadiyyatının timsalında şərh edən təlimçi Zaur Cəbrayıl, həmçinin, Azərbaycanda da bu sahənin dərindən və peşəkar səviyyədə inkişafı üçün onun təlim-tədris prosesinə daxil edilməsinin vacibliyini diqqətə çatdırıb. Təlimçi ölkədə tədbirlər sahəsinin vətəndaşlar üçün iş və peşəkar inkişaf imkanın yaradılmasında, milli, regional, yerli səviyyədə ictimai infrastrukturun inkişafında, turistlərin cəlb olunmasında, daxili investisiyaların, o cümlədən, mədəniyyətlərarası dialoqun və innovativ biliklərin mübadiləsi çərçivəsində genişləndirilməsində və digər sahələrdə zəruriliyini qeyd edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri, sənayə və QHT-in nümayəndələri iştirak ediblər. Təlimin əsas məqsədi tədbirlərin idarə olunması sahəsinə maraq göstərən peşəkarlara və tələbələrə fundamental və qabaqcıl praktiki biliklər aşılamaqdan ibarətdir. Silsilə təlimlərin 4-5 həftə davam etməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə