Musiqili Teatr qonaqları qarşılamağa hazırlaşır

Musiqili Teatr qonaqları qarşılamağa hazırlaşır

Məlumat verdiyimiz kimi, 25-27 aprel tarixlərində Bakı şəhərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Musiqili Teatrı da bu ali tədbirə yüksək səviyyədə hazırlaşıb, forum iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələləri həll edib. Belə ki, Dövlət Musiqili Teatrında demək olar ki, hər gün iki tamaşa, ümumilikdə isə 12 səhnə əsəri nümayiş olunacaq.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, 25-27 aprel tarixlərində paytaxtımızda "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna yüksək səviyyədə hazırlaşmışıq: "Dövlət Musiqili Teatrı həmin ərəfədə xüsusi repertuarla çıxış edəcək. Nümayiş olunacaq Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Ər və arvad", Əbdürrəhim Bəy Haqverdiyevin "Kimdir müqəssir?" və başqa səhnə əsərləri ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim ediləcək. Ümumiyyətlə, Dövlət Musiqili Teatrı artıq bir neçə ildir ki, ölkəmizin mötəbər qonaqlarını, xarici ölkə vətəndaşlarını, turistləri yüksək səviyyədə qarşılamaq təcrübəsinə malikdir. Ötən il Azərbaycanda bir sıra beyxəlxalq tədbirlər keçirildi. I Avrova Oyunlarında, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında, Ümumdünya Gömrük Təşkilatının əlaqələndirmə qovşağı rəhbərlərinin yığıncağında iştirak edən əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında ən yüksək və xoş təəssüratlar yaratdı. Həmin tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri Musiqili Teatrda yüksək səviyyədə qəbul etdik, mədəni istirahətləri üçün lazim olan hər cür şərait yaratdıq. Bu təcrübəmizə əsaslanaraq, bildirmək istəyirəm ki, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun iştirakçılarını və bu münasibətlə Bakıya gələn mötəbər qonaqları qarşılamağa yenə də hazırıq".

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə