"Cahan İdman klubu" İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və "Olimpiya dünyası" qəzetinin informasiya dəstəyi ilə Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin sabiq müdiri Mirkamil Pirəli oğlu Rəhimovun xatirə gecəsi keçirilib.
SİA-nın verdiyi məlumata görə, M.Rəhimov cari ilin martın 31-ndə 60 yaşında vəfat edib. O, onurğa sütunundakı xərçəngdən əziyyət çəkirdi. M. Rəhimov 18 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşğul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsini bitirmişdir.
1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, 15 ilə yaxın idi ki, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri vəzifəsində çalışırdı.
"Bədən tərbiyəsi və idman əlaçısı", "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adlarına, "Tərəqqi" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülmüşdür.
Gecədə "Cahan İdman klubu" İctimai Birliyinin sədri, idman ustası Elçin Eyvazov, sədr müavini Nizami Zeynalov, mədəniyyət və incəsənət şöbəsinin müdiri Nizami Əsgərov, əməkdaşı Dürdanə Əliyeva, mərhumun oğlu Pirəli Rəhimov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazilriyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdarmalar şöbəsinin müdiri, C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov, sektor müdiri İrina Özçoban, Gənclər və İdman Nazirliyin sektor müdiri Aydın Məmmədov, "Olimpiya dünyası" qəzetinin baş redaktor müavini Aslan Şirəliyev, professor Ağayusif Qurbanov, digər musiqi, idman xadimləri və KİV nümayəndələri çıxış etmişlər.
Onlar öz çıxışlarında M.Rəhimovun xatirəsini yad edib onun idman, yaradıcılıq və məmurluq sahələrində əldə edən müvəffəqiyyətlərini yüksək qiymətləndiriblər.
Gecədə bir neçə poetik və musiqi kompozisiyaları səsləndirilib.
Mərasim zamanı "Cahan" İdman klubu" İB-nin təşkil etdiyi tədbirlərə yüksək səviyyədə dəstək verdiyinə görə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev İB rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB