Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Çexiyanın Karlovı Varı şəhərində təşkil olunmuş konfransda "Qalaaltı" regionunun təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasının nümayəndəsi Vüqar Əliyev və Qalaaltı sanatoriyasının meneceri Çingiz Hacıyevdən ibarət nümayəndə heyəti təmsil olunub.
Tədbirin açılış mərasimində baş tutan Baş Assambleyada Avropa Tarixi Termal Şəhərlər Birliyinin Prezidenti Quiseppa Bellandi, Karlovı Varı şəhərinin merinin müavini Jiri Klsak, üzv ölkələrin nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.
EHTTA-nın prezidenti Quiseppa Bellandi çıxışında bu layihələrin ölkələrə verdiyi tövhələr və gələcəkdə daha çox üzv şəhərlərin müəyyənləşdirilməsi, eləcə də, layihə vasitəsilə sağlamlıq turizmi növü üzrə turistlərin cəlb olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, Azərbaycandan ilk olaraq, Qalaaltı regionunun bu layihəyə qoşulması mübasibətilə nümayəndə heyətimizin üzvlərini təbrik edib.
Qalaaltı regionun meneceri Çingiz Hacıyev ilk əvvəl Qalaaltının marketinq strategiyası haqqında danışıb və bu region haqqında geniş təqdimatı EHHTA üzvlərinə təqdim edib.
Müzakirələr zamanı bu layihədən bəhrələnərək regionun nail ola biləcəyi məsələlər, ölkəmizə turistlərin cəlb olunması, Qalaaltının müalicə və termal suyunun dünyaya tanıdılması və növbəti mərhələdə Azərbaycanın digər termal regionlarının təşkilata qoşulması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Qalaaltı regionun üzv qoşulması barədə rəsmi sertifikat Azərbaycan nümayəndə heyətinə təqdim edilib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında baş tutan görüş zamanı "Qalaaltı" sanatoriyasının "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul olunub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB