“Zamanla üz-üzə”nin növbəti konserti baş tutub FOTOLAR

“Zamanla üz-üzə”nin növbəti konserti baş tutub FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində "Zamanla üz-üzə" IV müasir musiqi layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Bəyaz və qırmızı" adlı konsert proqramında Arnold Şönberqin eyniadlı əsəri, 3 hissəli "Pierrot Lunaire" ("Aylı Pyero"), müəllifin və digər bəstəkar Edison Denisovun "Gerard de Nervalın dörd şeiri", "La vie en rouge" ("Al boyada həyat") əsərləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa edilib.

XX əsrin musiqi tarixinə dodekafon (12 tonluq) bəstəkarlıq texnikasının yaradıcısı, Yeni Vyana Məktəbinin banisi kimi düşmüş Arnold Şönberq həm də musiqişünas, pedaqoq, dirijor, ekspressionizmin görkəmli nümayəndəsidir. İyirmi yaşından bəstəkarlıq fəaliyyətinə başlamış Şönberq nasistlər hakimiyyətə gələndən sonra təqiblərə məruz qaldığı üçün mühacirət etməyə məcbur olur. Ömrünü ABŞ-da Los-Anceles şəhərində başa vurmuş Şönberqin təsiri ilə XX əsrin bir çox bəstəkarı öz yaradıcılığında dodekafon bəstəkarlıq texnikasına müraciət edib.

Konsertdə görkəmli rus bəstəkarı, pedaqoq, ictimai xadim, 1960-80-ci illər sovet avanqardının siması Edison Denisovun səs, fleyta və piano üçün "Gerald de Nervalın dörd şeiri" və səs, fleyta, klarnet, violin, violonçel, piano və zərb alətləri üçün Boris Vianın mətnlərinə yazılmış "La vie en rouge" ("Al boyada həyat") əsəri də maraqla qarşılanıb.

Qeyd edək ki, ilk dəfə 2007-2008-ci illər konsert mövsümündə gerçəkləşdirilmiş "Zamanla üz-üzə" layihəsinin məqsədi indiyədək Azərbaycan musiqisevərlərinə tanış olmayan, ölkəmizin konsert salonlarında səsləndirilməmiş, əsasən, avanqard üslublu əsərləri təqdim etməkdir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən layihənin bədii rəhbəri tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Fərəc Qarayev, baş dirijoru isə görkəmli maestromuz, xalq artisti Rauf Abdullayevdir.

Layihənin bu mövsümdə mart ayında keçirilmiş ilk iki konsertindən fərqli olaraq, aprel konsertlərinə şəxsən Rauf Abdullayev dirijorluq edir. Solist isə yenə də əməkdar artist Fəridə Məmmədovadır.

"Zamanla üz-üzə" IV musiqi layihəsinin sonuncu bahar konserti aprelin 15-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Proqramda Qustav Malerin əsərləri səslənəcək.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə