Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Aycigit Buranovu qəbul edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Qırğızıstan arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Nazir müavini iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın gələcəkdə daha intensivləşdirilməsinin vacibliyini qeyd edib.
Səfir Aycigit Buranov aprel ayının əvvəlində Ermənistan ilə Azərbaycan Silahlı Qüvvələri arasında cəbhə xəttində yaşanan gərginlikdən, həlak olmuş şəhidlərlə bağlı kədərləndiyini və başsağlığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həll ediləcəyinə ümid bəslədiyini qeyd edib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair səfir Aycigit Buranov 2013-cü ilin 1-8 dekabr tarixində Bakıda keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası zamanı Manas, Semetey, Seytek epik trilogiyasının təşkilatın Reprezentativ siyahısına daxil edilməsində Azərbaycan hökuməti tərəfindən böyük dəstəyin göstərildiyini xüsusi vurğulayıb.
Səfir 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda ölkəsinin yüksək səviyyədə təmsil ediləcəyini bildirib və tədbir çərçivəsində cari ilin 3-8 sentyabr tarixində Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində keçiriləcək 2-ci Ümumdünya Köçəri Oyunlarının təqdimatının keçirilməsini təklif edib. Yaxın zamanda, bu barədə ətraflı müzakirələrin aparılacağı barədə razılıq əldə olunub.
Səfir Aycigit Buranov səmimi qəbula görə, nazir müavininə təşəkkürünü bildirib, həmçinin, Qırğızıstan-Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB