ATMU-nun tələbələrinə diplom verilib FOTOLAR

ATMU "Biznes idarəçiliyi fakültəsi QHT məktəbi"nin yaz təlimlərini müvəffəqiyyətlə başa vurmuş iştirakçılara diplomlar təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru professor Cəfər Cəfərov keçmiş SSRİ məkanında ilk dəfə 2002-ci ildə Azərbaycanda yaranan QHT Məktəbinin başlıca məqsədinin vətəndaş cəmiyyəti institutları üçün kadr hazırlığı ilə bərabər, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu diqqətə çatdırıb.
"Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə təşkilat tərəfindən indiyədək 1500-ə yaxın şəxsin QHT məktəbinin təlimlərinə cəlb edildiyini, təlimçilərə QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması mexanizmi, ictimaiyyətlə əlaqələrin qurulması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, kargüzarlıq işinin təşkili və digər mövzuların keçirildiyini bildirib.
Azəbaycan Turizm və Menecment Universitetinin "Biznes idarəçiliyi" fakültəsinin dekanı Sənan Əliyev isə çıxışında qeyd edib ki, 5 noyabr 2015-ci il tarixində ATMU "Biznes idarəçiliyi" fakültəsi və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi arasında bağlanmış memoranduma əsasən, vətəndaş cəmiyyəti institutlarının kadr potensialını artırmaq məqsədi ilə, "QHT Məktəbi"nin yaz təlimlərinə start verilib. Nəzərdə tutulmuş müddət ərzində məktəbə 387 nəfər müraciət edib və ilkin seçimlərdə Azərbaycanın dövlət və özəl ali təhsil müəssisələrindən ümumilikdə, 28 namizəddən 22 nəfər təlim kursunu uğurla başa vurmaq şansı qazanıb. Əməkdaşlıq memorandumunun şərtləri nəzərə alınmaqla, təlim iştirakçılarına "QHT fəlsəfəsi", "QHT-lərin yaradılması", "QHT-lərdə ictimaiyyətlə əlaqələr", "QHT-lərdə layihələrin yazılışı", "QHT-lərdə mətbuatla işin təşkili", "QHT-lərdə maliyyə axtarışı və maliyyə resurslarının idarəetməsi" və "QHT-lərdə insan resurslarının idarə olunması" kimi əhəmiyyətli mövzular tanınmış mütəxəssislər tərəfindən tədris edilib.

Tədbirin sonunda təlimləri müvəffəqiyyətlə başa vurmuş iştirakçılara diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...