MEMM Cəlilabadda növbəti tədbir keçirib FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təsdiq olunmuş İş planına uyğun olaraq İKT-nin regionlarda inkişafı ilə bağlı səyyar seminar Cəlilabad rayonunda keçirilib. SİA-nın verdiyi məlumata görə, torpaqlarımızın müdafiəsi uğrunda mübarizədə şücaət göstərərək şəhid olan hərbiçi və vətəndaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Cəlilabad rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəşad Salmanov açaraq, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Cəlilabad rayonunda səyyar seminarın keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirmiş və rayonda mövcud olan mədəniyyət müəssisələri haqqında ümumi məlumat verərək, kompüter təchizatı və onların tətbiqi səviyyəsi haqqında ilkin məlumatları vermişdir.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin əməkdaşı metodist Pərvanə Hüseynova Mərkəzin, eləcə də "Gənc mədəniyyət işçilərinin koordinsiya kreativ qrupu"nun təqdimatını edərək Mərkəzin şöbələri, rəsmi saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri, Qrupun məqsədi, 2016-cı il üçün müəyyən edilmiş prioritet hədəfləri, keçirdiyi görüşlər haqqında ümumi məlumat vermişdir.

Daha sonra "İKT nədir?", "İKT-nin tətbiqi imkanları dedikdə nə başa düşürsünüz?" və digər suallar ətrafında müzakirələr aparılmışdır.

İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin əməkdaşı baş metodist Toğrul Hidayətzadə "Rayon mədəniyyət müəssisələrində İKT-nin tətbiqi imkanları"-ndan danışdı, İKT sahəsində istifadə olunan avadanlıq və proqram təminatları haqda məlumat verdi.

Tədbir əsnasında iştirakçıların İKT sahəsində sualları cavablandırılmış və bu sahədə tövsiyyələr verilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə