Buktreylerlər Festivalının münsiflər heyəti açıqlandı

Buktreylerlər Festivalının münsiflər heyəti açıqlandı

Azərbaycanda İlk Buktreyler Festivalının münsiflər heyəti açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, heyətin üzvləri aşağıdakılardır:

Çingiz Abdullayev-Azərbaycan detektiv yazıçısı, nasir, publicist, hüquq elmləri doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Prezident ovu", "Əclafların kredosu", "Uğursuzun hekayəti", "Qaniçənlər aynası", "Məhşər ayağında", "Qazanılmış cəhənnəm" və başqa əsərlərin müəllifidir. Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə, "Şöhrət" ordeni ilə təltif edilib.

Ramiz Fətəliyev-ssenarist, rejissor, kino redaktoru. Azərbaycan Respublikası əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatıdır. Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri üzrə filmlər çəkilib.

Elxan Cəfərov-aktyor, kinorejissor. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsinin məzunudur. "Yenə o bağ olaydı", "Qarabağdır Azərbaycan", "Əlavə təsir", "Dolu", "Yarımçıq xatirələr" və bu kimi başqa filmlərin rejissorudur. 2015-ci ildə "Dolu" filminə görə, "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb.

Ülviyyə Könül-rejissor, klipmeyker. "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Vəkil hanı?" və "Həddindən artıq təsadüf" filmlərinin rejissorudur. Bir sıra tədbir və kliplərin, görkəmli alim Yusif Məmmədəliyevin 100 və dahi bəstəkar Qara Qarayevin 90 illiyinə həsr edilmiş konsertlərin rejissorudur. 2000-ci ildə "Dəşti" klipinə görə, "Humay" mükafatına layiq görülüb.

Nadir Mehdiyev-kinooperator. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinin məzunudur. "Əlavə təsir", "Dolu", "Yarımçıq xatirələr" və digər filmlərin operatorudur. 2015-ci ildə "Dolu" filminə görə, "Ən yaxşı operator işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb.

Ruslan Sabirli-kinoaktyor, musiqi müəllifi. İlk Buktreyler Festivalının təsisçisidir. Almaniyada aktyorluq və rejissorluq kursunu bitirib. "Xəyanət", "Əsl Sevgi", "Sürücü", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında baş rolları canlandırıb. Qafqazda sosial şəbəkələrdə profili təsdiqlənmiş ilk tanınmış insandır.

Qeyd edək ki, artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayıb. Festivalın obyektiv keçirilməsi məqsədilə, buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq.

Sonda isə yekun olaraq, Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq, qalibləri müəyyənləşdirəcək.

Qaliblər 23 aprel "Beynəlxalq kitab günü"ndə Nizami Kino Mərkəzində müəyyən olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə