“Sarılar-Qarabağ atının izi ilə”filminin təqdimatı keçiriləcək
15 aprel saat 19:00-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan, C.Cabbarlı adına "Azərbaycanfilm" və "STUDIO TOR 1 Filmproduction" (Berlin, Almaniya) kinostudiyası ilə birlikdə "Sarılar-Qarabağ atının izi ilə" adlı yeni sənədli filmin təqdimat mərasimi keçiriləcək. SİA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş bu film dünyada az sayda qalmış nadir cins atlardan olan Qarabağ atlarının daha geniş tanınması məqsədini daşıyır.
Filmin əsas xəttini 1956-cı ildə Kraliça II Yelizavetaya hədiyyə edilmiş Qarabağ atının-"Qızılı Oğlan"ın qohumlarının axtarışı təşkil edir.
Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Qarabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən "II Qızılı Oğlan"ı öz vətəni Azərbaycanda sağ-salamat və məğrur tapmaqla nəticələnir. Film insanların və onların dostu olan heyvanların bir-birinə, həm də öz torpaqlarına sıx bağlılığı mövzusunu bir daha gündəmə gətirir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: "Bu film insanların heyvanları öz həyatlarının, ən başlıcası isə, öz mədəniyyətlərinin bir parçası kimi qəbul etmələri haqqında təsirli bir hekayədir. Biz BP şirkəti olaraq mədəni irsə dəstək verməyi sosial fəaliyyətimizin əsas sahələrindən biri kimi seçmişik.
Azərbaycanda olduğumuz 20 ildən artıq bir müddət ərzində iri neft və qaz yataqlarının istismarı ilə yanaşı, biz həm də çoxsaylı uğurlu sosial və mədəni irslə bağlı layihələr hazırlayıb, həyata keçirir. Bu layihələr əsasən, təhsil, təlim və ixtisas artımı yolu ilə yerli icmaların inkişafına dəstək, yerli müəssisələrə iqtisadi imkanlar yaratmaq, idman və mədəni irsin inkişafına dəstək, ətraf mühitin qorunması və digər sahələri əhatə edir. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi biz bu mühüm sosial inkişaf sahələrinə sərmayə qoymaqda davam etmək niyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB