“Motivlər 3” ssenari müsabiqəsi elan olundu

“Motivlər 3” ssenari müsabiqəsi elan olundu

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə yeni kinoalmanaxın çəkilişləri üçün qısametrajlı bədii film ssenari müsabiqəsi elan edir.

Kinostudiyadan SİA-ya verilən xəbərə görə, "Motivlər 3" ssenari müsabiqəsinə istənilən janrda, qısametrajlı bədii filmin çəkilişləri üçün nəzərdə tutulmuş və müəllifin orijinal işi olan ssenarilər qəbul olunur. Müsabiqənin şərtlərini təqdim edirik:

1. Ssenarilər 11.04.2016 tarixindən 11.06.2016 tarixinədək qəbul olunur. Qaliblərin adları 02.08.2016 tarixinədək elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq, son tarixləri dəyişmək hüququna malikdirlər.

2. Bir müəllif istənilən sayda ssenari təqdim edə bilər.

3. Ssenarilər Courier şriftində, 12 ölçüsündə, 5 səhifədən az və 40 səhifədən artıq olmamaq şərtilə və .doc və ya pdf formatında [email protected] və ya Moskva pr.1, AZ1012 Bakı ünvanına təqdim olunmalıdır. Səhifələr yuxarı sağ küncdə nömrələnməlidir.

4. Ssenarinin titul (birinci) səhifəsində ssenarinin adı qeyd olunmalıdır. Müəllifin adı, soyadı, əlaqə telefonları, email ünvanı və sinopsisin qeyd olunduğu məlumatlar ssenari ilə birgə, amma əlavə sənədlə göndərilməlidir. Ssenari ilə birgə sinopsisin göndərilməsi mütləqdir.

5. Müsabiqədə yalnız 35 yaşınadək olan müəlliflər iştirak edə bilər.

6. Hər hansı bir istehsal mərhələsində olan ssenarilər müsabiqəyə qəbul olunmur. Müsabiqənin davam etdiyi müddətdə istehsala buraxılan ssenarilər deskvalifikasiya olunurlar.

7. İştirakçı müsabiqəyə ssenari təqdim etməklə müəllif hüquqlarının tək və müstəsna olaraq, ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir.

8. Qaliblərin adları KİV-də və www.azerbaijanfilm.az saytında elan olunacaq. Təşkilatçılar münsiflər heyəti tərəfindən seçilməyən ssenarilərə şərh vermirlər.

9. Təqdim olunan ssenarilərin qalib olub-olmayacağından asılı olmayaraq, müəllif hüquqları qorunur. Müəliflərə ssenariləri təqdim etməkdən öncə, ssenarini Müəllif Hüquqları Agentliyində qeydə almaq tövsiyyə olunur.

10. Müəllif ssenari təqdim etməklə bütün şərtləri diqqətlə oxuduğuna və razılaşdığına zəmanət verir.

Qeyd edək ki, 2015-ci ildə istehsal olunan "Şəhər motivləri 4.1" kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olub. Dörd gənc rejissorun lentə aldığı "40-cı paraleldə" adlı növbəti kinoalmanaxın istehsalı isə 2016-ci ildə tamamlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə