Ölkəmiz “COTTM 2016” sərgisində təmsil olunacaq

Ölkəmiz “COTTM 2016” sərgisində təmsil olunacaq

2016-cı ilin 12 – 14 aprel tarixlərində Çinin Pekin şəhərində keçiriləcək "COTTM 2016" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, yerli turizm şirkətləri və "Azərbaycan Hava Yolları"nın iştirakı planlaşdırılır. Nazirlikdən SİA-ya verilən xəbərə görə, adıçəkilən sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov tərəfindən təmsil olunacaq.

Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə, 39 kv.m sahə icarəyə götürülüb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, Pekində keçirilən "COTTM" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 65 ölkədən 300-ə yaxın şirkət təmsil olunacaq.

Qeyd edək ki, ötən il ərzində Çindən ölkəmizə 5 000 nəfərdən çox turist səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə