İlk Buktreyler Festivalına işlərin qəbulu dayandırılıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirli bu haqda fikir bildirib: "Azərbaycanda keçirilən ilk Buktreyler Festivalı cəmiyyətimizdə çox böyük maraqla qarşılandı. Gözlədiyimizdən daha çox sayda buktreylerlər müraciət olunub. Belə bir layihə ilə cəmiyyətimizə fayda verməkdən məmnunluq hissi keçiririk. Bu festivala təşkilati dəstək verdiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə dərin minnətdarlığımı bildirirəm.

Yaxın günlərdə isə tərkibi açıqlanacaq nüfuzlu və peşəkar münsiflər heyəti artıq işlərin qiymətləndirilməsini aparacaq. Adətən, digər müsabiqələrdə şahidi oluruq ki, münsiflər hamısı bir yerə toplanaraq səsvermə və razılaşma yolu ilə qalibləri müəyyənləşdirirlər ki, bu da qeyir-obyektiv nəticələrə gətirib çıxara bilir. Ona görə də, bu qeyri-obyektivlikdən yayınmaq üçün belə qərara gəldik ki, buktreylerlərin qiymətləndirilməsi hər bir münsif tərəfindən ayrılıqda aparılacaq. Yəni, bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq. Sonda isə yekun olaraq, Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti riyazi toplayaraq qalibləri müəyyənləşdirəcək.

Qəbul olunmuş buktreylerlər artıq festivalın saytında yerləşdirilir və hər kəs üçün izləməyə açıqdır. Hamını izləməyə dəvət edirik."

Qaliblər 23 aprel Beynəlxalq Kitab günündə Nizami Kino Mərkəzində müəyyən olunacaqlar.

Qeyd edək ki, festivalın məqsədləri-kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...