Cənubi Koreyanın tibbi turizm imkanlarının təqdimatı keçirilib FOTOLAR

Azərbaycan Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Cənubi Koreya Respublikasının tibbi turizm imkanlarının təqdimatı keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, "AİTF-2016" turizm və səyahətlər sərgisi çərçivəsində baş tutan tədbirdə hər iki ölkənin turizm şirkətlərinin və hotellərinin nümayəndələri iştirak edib. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Azərbaycanın və Cənubi Koreyanın tibbi turizm potensialının yüksək olduğunu bildirib və iki ölkənin turizm təmsilçilərinin bu istiqamətdə əməkdaşlığının hər iki tərəfə divident qazandıracağını diqqətə çatdırıb.

Nazirlik nümayəndəsi Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu da qeyd edib.

Koreya Turizm Təşkilatının İstanbul nümayəndəliyinin rəhbəri Erkan Aslantaş deyib ki, Azərbaycan, Türkiyə və Koreyada turizm sahəsinin daha çox inkişaf etməsi və hər üç ölkə arasında bu sahədə əlaqələrin genişləndirilməsi baxımından, bu təqdimatın əhəmiyyəti böyükdür: "Adlarını çəkdiyim ölkələrdə tibbi turizmin çox böyük potensialı var. Azərbaycandan Cənubi Koreyaya ildə 1000 nəfərə yaxın turist gedir. Bunların əksəriyyətini müalicə məqsədilə gedənlər təşkil edir. Biz çalışırıq ki, əalqələrimizi daha da genişləndirək va qarşılıqlı turist səfərlərinin sayını artıraq. Azərbaycan xalqı qonaqpərvər bir xalqdır. Bu, mənim Bakıya ilk səfərim olsa da, elə bilirəm, öz vətənimdəyəm".

"Millennium Tourism & Congress DMC" nin sədri Ruslan Quliyevin sözlərinə görə, Cənubi Koreya ilə Azərbaycan arasında bir çox sahələrdə isti bağlar var. Son 7 ildə isə turizm sahəsində də inkişaf templəri müşahidə olunur: "Hər il Mədəniyyət və Turizm Nazirliyi Koreyanın Seul şəhərində keçirilən beynəlxalq turizm sərgisində yer icarəyə götürür və Azərbaycanın turizm şirkətləri və hotelləri orada təmsil olunur. Bunun nəticəsidir ki, Koreyadan ölkəmizə gələnlərin sayı ildən-ilə artır. Artıq Cənubi Koreya vətəndaşları üçün sadələşmiş viza tətbiq olunur. Bir çox körfəz ölkələri, Malayziya, Yaponiya kimi ölkələrlə bərabər, koreyalıların da vizaları hava limanında rəsmiləşdirilir. Bugünkü təqdimat biznes, sağlamlıq və istirahət turizmi istiqamətlərini əhatə edir. 2016-cı il ərzində bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu sırada hər iki ölkənin turizm şirkətlərinin qarşılıqlı infoturu da daxildir. İnanıram ki, bu təqdimat əlaqələrin daha da sıxlaşmasının başlanğıcı olacaq".

"Holidaylink" DMC-nin beynəlxalq əlaqələr üzrə meneceri Maxim An bildirib ki, Azərbaycan Koreya şirkətləri üçün maraqlı və cəzbedici bazardır. Ötən il Azərbaycandan öz şirkətlərinin xətti ilə 50 nəfər turist qəbul etdiklərini deyən şirkət nümayəndəsi bundan sonra qarşılıqlı səfərlərin sayının daha da artacağını güman etdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə