Nazir mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub FOTOLAR

Məlumat verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ucar rayonundakı Heydər Əliyev Mərkəzində Ucar, Ağdaş, Göyçay, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, nazir daha sonra Ucarda yerləşən bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

İlk olaraq, Tarix-Diyarşünaslıq Muzeyinə gələn Əbülfəs Qarayevə yeni inşa edilmiş muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, yeni muzey binasının açılışı 6 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Xüsusi layihə əsasında tikilmiş bina iki mərtəbədən ibarətdir. Muzeydə təbiət, qədim dövr və müasir dövr bölmələri fəaliyyət göstərir. Ümumilikdə, 2 mindən çox eksponat var.

Nazir muzeyin yeni ekspozisiyasının qurulması üçün müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb.

Sonra Əbülfəs Qarayev Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində olub.

Kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının artırılması üçün görülən işlər haqqında geniş məlumat verilib. Nazir kitabxananın yeni nəşrlər, ixtisaslaşmış ədəbiyyatlar, o cümlədən, iqtisadiyyat, kənd təsərrüfatı sahələrinə aid kitablarla təmin olunacağını bildirib.

Qeyd edək ki, sonda Əbülfəs Qarayev hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə