"Azərbaycan gənci hər an Vətənin müdafiəsinə hazırdır”

Salyan rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan gənci hər an Vətənin müdafiəsinə hazırdır" mövzusunda ümumtəhsil məktəblilərinin iştirakı ilə tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə əvvəlcə cəbhə bölgəsində qəhrəmancasına həlak olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin əməkdaşı Tağıyeva Türkan çıxış edərək, son günlər erməni işğalçılarının cəbhədə təxribatlar törətdiyini və Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbəsini diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan ordusunun qısa müddətdə həyata keçirdiyi əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olunub. Bütün bunlar həm orduda, həm də cəmiyyətdə qələbəyə inam yaradıb.

Sonda Azərbaycan gənclərinin Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqların azad edilməsi uğrunda müqəddəs savaşa hazır olduğu vurğulanıb. Əminliklə bildirilib ki, Azərbaycanın işğal altında olan bütün əraziləri tezliklə azad ediləcək, üçrəngli, ay ulduzlu bayrağımız Xankəndidə, Şuşada dalğalanacaq.

Qeyd edək ki, tədbir vətənpərvərlik mövzusunda "Şəhidlər ölməzdir" adlı video-çarxla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə