“Bölgələrdən paytaxta” Qusara həsr olunacaq

“Bölgələrdən paytaxta” Qusara həsr olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi üzrə ölkəmizin regionlarının təqdimatı davam edir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, layihənin növbəti təqdimat ünvanı Qusar rayonu olacaq. Tədbir Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə aprelin 11-də saat 18.30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

Teatrın foyesində sərgi təşkil olunacaq, mərasimdə Qusar rayonun bədii kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim ediləcək.

Xatırladaq ki, Qusar rayonu həmçinin, Mədəniyyət və Turizm Nazirliyinin "Xalq yaradıcılığı paytaxtları" proqramı üzrə 2016-cı ildə "Azərbaycanın folklor paytaxtı" elan olunub.

Qeyd edək ki, "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində 2015-ci il ərzində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, Zaqatala rayonlarının, 2016-cı ildə isə Abşeron və Şuşa rayonlarının Bakı şəhərində təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə