Hərbi-vətənpərvərlik işi gücləndirilir

Hərbi-vətənpərvərlik işi gücləndirilir

İnsanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olan vətənpərvərliyin gələcək nəslə aşılanmasını, uşaq, yeniyetmə və gənclərin bu ruhda tərbiyəsini, habelə mədəniyyət müəssisələrində bu istiqamətdə işin düzgün və səmərəli təşkilini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi-vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planı" təsdiq edilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirlər planının icrası ilə bağlı vətənpərvərlik işinin yüksək səviyyədə təşkili üçün respublikanın şəhər (rayon) mədəniyyət mərkəzlərində və onların filiallarında çoxsaylı tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycanın Milli Qəhrəmanlarına, Qarabağ uğrunda şəhid olmuş döyüşçülərə həsr olunmuş anım günləri, onların ailə üzvləri ilə görüşlər, qəhrəmanların şəkillərindən ibarət sərgilər, bədii kollektivlər və xalq teatrları tərəfindən tamaşalar, ədəbi-bədii kompozisiyalar və digər tədbirlər təşkil edilib. Bu istiqamətdə işlər mütəmadi olaraq, davam etdirilir.

Vətənimizin ərazi bütövlüyü və dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində ölkə rəhbərliyinin gərgin fəaliyyəti, gənclərin vətəni sevmək, ona layiqincə xidmət etmək kimi şərəfli prinsiplər əsasında, hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi bu tədbirlərin əsasını təşkil edir. Eyni zamanda, keçirilən tədbirlərdə milli ordumuzda xidmət edən əsgər və zabitlərə ruh yüksəkliyinin və qələbəyə inam hissinin aşılanması, qəhrəmanlığı ön plana çəkilir.

Hər il əsgəri xidmətə çağırış haqqında ölkə Prezidentinin müvafiq sərəncamından sonra respublikanın bütün rayonlarında yerləşən çağırış məntəqələrində respublikanın çoxsaylı bədii kollektivləri tərəfindən hərbi xidmətə yola düşən gənclərin ruh yüksəkliyinin təmin edilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirilir.

Azərbaycanın tarixi və əlamətdar günləri ilə bağlı təşkil olunan mərasimlərdə mədəniyyət müəssisələrinin bədii kollektivləri hərbi hissələrə gedir, qəhrəmanlıq və vətənpərvərlik hissləri aşılayan konsert proqramları ilə çıxış edirlər.

Təşkil edilən bu tədbirlərlə yanaşı, son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar, tədbirlərin mütəmadi formada həyata keçirilməsinə diqqətin artırılması və bu işin daha da gücləndirilməsi barədə qərar qəbul olunub.

Bundan başqa respublikanın Şəhər (rayon) mədəniyyət mərkəzlərində cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələrlə bağlı rəsmi şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbirləri keçirilir. Tədbirlərdə vətən uğrunda şəhid olmuş hərbçilərimizin əziz xatirəsi yad edilir. Eyni zamanda, erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrimizə edilən təxribatçı hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində işğal altında olan bir sıra ərazilərimizin düşməndən azad edilərək silahlı qüvvələrimizin nəzarəti altına keçməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütün xalqımızın növbəti uğuru kimi dəyərləndirilir, ordumuza dəstək ifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə