“İstiqlal müjdəçisi” adlı tədbir-sərgi keçirilib FOTOLAR

“İstiqlal müjdəçisi” adlı tədbir-sərgi keçirilib FOTOLAR

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Nofəl Tahirzadəyə həsr olunmuş "İstiqlal müjdəçisi" adlı tədbir-sərgi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə həmçinin, Nofəl Tahirzadənin qardaşı Ədalət Tahirzadənin "Nofəl Tahirzadə - Müstəqil Azərbaycan dövləti uğrunda mücahid" adlı kitabının təqdimatı baş tutub.

Öncə Qarabağ uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışını edən Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Müstəqil Azərbaycanın qurulmasında Nofəl Tahirzadənin xidmətlərindən danışıb: "Bu gün Azərbaycan xalqı bir tərəfdən, qələbə sevincini yaşarkən, digər tərəfdən, həlak olan oğullarımızın yarası içimizi sızladır. Nofəl Qəhrəmanov da belə oğullarımızdan idi.

Bildiyiniz kimi, İstiqlal Muzeyinin bu il 25 yaşı tamam olur. Biz Müstəqil Azərbaycanla həmyaşıdıq. Bizim məqsədimiz istiqlal tarixini əks etdirmək, vətənpərvərliyin təbliğatçısı olmaqdır. Bu tədbir də bizim məramımıza xidmət edir. Çünki Nofəl Tahirzadə Azərbaycanın müstəqilliyi yolunda canından keçib. Biz belə igidlərimizi unutmamalıyıq.

Nofəl Tahirzadənin qardaşı Ədalət Tahirzadə onun şəxsi əşyalarını, fotoşəkillərini, əl işlərini muzeyimizə təhvil verib. Bizim də borcumuz bu tarixi irsi qorumaq və gələcək nəsillərə çatdırmaqdır".

Sonra Nofəl Tahirzadənin həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş olunub.

Nofəl Tahirzadənin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadə çıxış edərək şəhidlik zirvəsinə ucalan qardaşının keçdiyi tarixi yoldan söz açıb: "Nofəl Tahirzadə daim müstəqil və bütöv Azərbaycan dövlətini qurmaq uğrunda vuruşurdu. Onun bütün amalı yalnız bu idi. Nofəl üçün vətənpərvərlik hissləri hər şeydən ali və yüksək idi. O, insanı heyrətləndirəcək dərəcədə böyük işlər görüb. XX əsrin 70-ci illərində bütöv və müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda gizli mübarizə aparırdı. Həmin dövlətin gerbinin və bayrağının, müstəqil Azərbaycan Ordusu qərargahının sxemini, həmin ordunun hərbi Nizamnaməsini, Azərbaycanın milli əlifbasını hazırlayırdı. Vətən uğrunda çalışan Nofəl heç vaxt yorulmaq bilmirdi. O, hərb sənətini peşəkar hərbçi səviyyəsində öyrənir, hərbi xəritələr çəkirdi. Qardaşım həm də istedadlı memar, rəssam, yazıçı, şair və tarixçi idi. Onun qələmə aldığı "Babək" povesti milli mənəvi dəyərlərin göstəricisi idi".

Daha sonra çıxış edən Azərbaycan respublikası Təhsil Nazirliyinin məsul işçisi, filologiya üzrə fəlsəfə doktoru Əsgər Quliyev, kitabın elmi redaktoru, professor Kərim Şükürov, Azərbaycan hərb tarixinin görkəmli araşdırıcısı Şəmistan Nəzərli, Nofəlin bacısı və kitabın tərtibçisi Zinyət Əlibəyli Nofəl Tahirzadənin 23 ilə sığdırdığı böyük tarixi irsdən bəhs edib, onun həyat və yaradıcılığının maraqlı məqamlarına toxunub, xatirələrini paylaşıblar.

Çıxışlardan sonra Nofəl Tahirzadənin şəxsi əşyaları, sənədləri, əl işləri və fotoşəkillərinin nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin nümayəndələri, Daxili Qoşunların əsgərləri, ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak edib.

Qeyd edək ki, Nofəl Tahirzadə 5 sentyabr 1955-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Xirxatala kəndində anadan olub. 1972-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Nofəl Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun memarlıq fakültəsinə qəbul olunub. 1977-ci ildə Saransk şəhərinə təyinatla göndərilib və orada işləməyə başlayıb.

Nofəl Tahirzadə 6 avqust 1978-ci ildə Saranskda müəmmalı şəkildə həlak olub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə