Bakı Uşaq Teatrı yeni tamaşa təqdim edib FOTOLAR

Bakı Uşaq Teatrı yeni tamaşa təqdim edib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Bakı Uşaq Teatrı Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Günahsız Günahkarlar" tamaşasını hazırlayıb. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhnə əsərinin ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltandır. Sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində ərsəyə gələn bu tamaşa Bakının bir sıra ali təhsil ocaqlarının tələbələrinə nümayiş edilib.

Tamaşanı təqdim etməzdən əvvəl İntiqam Soltan "Hərə öz səngərində döyüşməyi bacarmalıdır" sözlərini dedikdən sonra Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb.

Tamaşanın qəhrəmanları bir kafedə "Mafiya" oyunu oynayaraq əsl mafiyaların toruna düşürlər. Birinci vurulan Qurban "yaxşı iş" adı ilə xaricə aparılaraq sənədləri əlindən alınır və təmənnasız ağır işlərdə çalışdırılaraq aldadılır. İkinci oyunçu Songül xəstə qızının müalicəsi üçün istənilən məbləği əldə etmək məqsədilə böyrəyini satmağa məcbur olur, üçüncü oyunçu Şikar isə orqan transplantasiyası mafiyalarının tələsinə düşür.

Tamaşanın qəhrəmanları başlarına gətirilən oyunlar qarşılığında intiqam almaq hissi ilə yaşayırlar.

Əsərdə qlobal dünya probleminə çevrilmiş insan alverinə qarşı maariflənmə-mübarizə forması kimi qabardılıb.

Tamaşada rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər.

Səhnə əsərinin rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçu rəhbəri Könül Şahbazovadır.

Təqdimatlarda Gənclər və İdman Nazirliyinin nümayəndəsi F.Qurbanzadə, təhsil müəssisələrinin müəllim və tələbə kollektivləri, teatrın direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltan iştirak ediblər.

Qeyd edək ki, böyüklər üçün nəzərdə tutulan tamaşa 1 saat 10 dəqiqə davam edir.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə