Əbülfəs Qarayev Qətərdə görüşlər keçirib FOTOLAR

Məlumat verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin Doha şəhərinə səfər edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Əbülfəs Qarayev "Qatar Airways" şirkətinin sədrinin birinci müavini ilə görüşüb. Görüşdə 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi və "Azərbaycan Hava Yolları" (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına baxılması qeyd olunub.

Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə Qətərin Milli Teatr binasında keçirilən görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə həmçinin, nazir Əbülfəs Qarayev Bakıda keçiriləcək Qlobal Forum haqqında məlumat verib və həmkarını tədbirdə iştirak etməyə dəvət edib. İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin, Azərbaycan kino günlərinin, teatr kollektivlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən, opera nümunələri, musiqi sahəsi, əl işləri sərgiləri, muğam musiqisi ilə bağlı tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib.

Görüş zamanı Azərbaycanın və Qətərin birinci xanımları arasındakı yüksək münasibətdən söhbət açılıb, həmçinin qeyd olunub ki, onların rəhbərlik etdiyi fondlar arasında hazırda bir neçə layihə həyata keçirilir.

Nazir Əbülfəs Qarayev Qətərdə baş çəkdiyi İslam Muzeyindən söhbət açıb, Azərbaycan Milli İncəsənət Muzeyinin bu muzeydə sərgilərinin açılması təklifini irəli sürüb. Eyni zamanda, Azərbaycan İncəsənət Muzeyində və ya Azərbaycan Xalça Muzeyində Qətər İslam Muzeyinin sərgisinin açılması da müzakirə olunub.

Qətərin mədəniyyət naziri Dohada keçiriləcək Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycan mətbəxinin təqdimatının keçirilməsini planlaşdırdıqlarını bildirib.

Azərbaycanın İSESKO Baş Konfransına sədrliyi çərçivəsində Doha ilə Bakının müəyyən tədbirlərə imza atması imkanları vardır, bu səbəblə dünya ölkələrinin birində birgə sərginin və ya konsertin təşkilinin məqsədəuyğun hesab olduğu qeyd olunub.

Həmçinin, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları zamanı da birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Əbülfəs Qarayevin keçirdiyi növbəti görüş Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Ahmed bin Jassim bin Mohammed Al-Thani ilə olub. Görüşdə Azərbaycanda mövcud olan turizm infrastrukturu və potensialı haqqında söhbət açılıb, hər iki ölkədən gələn turistlərin sayının artması istiqamətində görüməli işlər müzakirə edilib. Bu sahədə infotur və press-turların keçirilməsi təklif olunub, qeyd olunub ki, qısa zaman müddətində tədbirlər planının hazırlanması üçün iki nazirlik arasında işçi qrupu yaradılsın və turizm axınının artırılması məqsədilə təkliflər irəli sürülsün. Nazir Əbülfəs Qarayev Azərbaycanın turizm imkanlarından söhbət açarkən əsasən sağlamlıq turizmi, qış turizmi haqqında geniş məlumat verib, Şahdağ Turizm Kompleksinin geniş imkanlarından söhbət açıb.

Nümayəndə heyətinin tərkibinə nazirliyin nümayəndələri ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu və "Şahdağ Turizm Mərkəzi"-nin rəhbərləri və digər turizm sənayesi nümayəndələri də daxildir. Səfər zamanı Azərbaycanın turizm sənayesi nümayəndələri də Qətər turizm nümayəndələri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb.

Qeyd edək ki, tədbir Azərbaycanın Körfəz ölkələrindəki turizm nümayəndəliyi olan "Atlantis Holidays" şirkətinin illik təsdiq olunmuş tədbirlər planına əsasən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə