“Turizm və Səyahətlər” sərgisinin mətbuat konfransı keçirilib

Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF" 2016) sərgisinin aprelin 7-də keçiriləcək açılış mərasimi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, "İTECA" turizm şirkətinin icraçı direktoru Fərid Məmmədov və nümayəndəsi Cəmilə Quliyeva sərgi ilə bağlı ətraflı məlumat veriblər.

Fərid Məmmədov çıxış edərək layihənin regionun ən böyük turizm sərgisi olduğunu qeyd edib: ""AİTF" sərgisi regionda şirkət, ölkə və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur. Bu il sərgidə 29 ölkədən 330 şirkət iştirak edəcək. Layihənin Azərbaycanın zəngin turizm potensialının xarici iştirakçılara təqdim edilməsi baxımından xidməti danılmazdır".

Mahir Qəhrəmanov çıxışında turizm sektorunun inkişafında sərginin önəmini vurğulayıb: "Mədəniyyət və Turizm Nazirliyi 2000-ci ildən etibarən, "AİTF" şirkəti ilə əməkdaşlıq edərək yerli və xarici turistlərin ölkəyə cəlb olunması məqsədilə bir sıra layihələrə imza atıb.

Ölkənin turizm potensialının inkişaf etdirilməsi ilə bağlı regionlarda görülən işlər, həmçinin, viza rejiminin sadələşdirilməsi prosesi uğurlu nəticələr verib. Belə ki, turistlərin səfər prosesinin asanlaşdırılması məqsədilə, artıq 2012-ci ildən etibarən, elektron viza sistemi tətbiq olunub. Nəticədə, hər kəs ölkədə səfirliyin fəaliyyət göstərməsindən asılı olmayaraq, 5 gün ərzində vizanı əldə edə bilir.

Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi turizmin inkişafı ilə bağlı layihə hazırlayaraq Milli Məclisə təqdim edib və bu addım müsbət qarşılanıb.

Bildiyiniz kimi, Nazirlik 2016-2025-ci illər üçün turizmin inkişafı üzrə strategiya hazırlayıb.

Mədəniyyət və Turizm Nazirliyi "Qaradəniz", "İslam Konfransı", "İqtisadi Əməkdaşlıq" kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Görülən işlər nəticəsində, ölkədə təbii ehtiyatlı sağlamlıq turizmi özünün ən yüksək inkişaf səviyyəsinə çatıb. Belə ki, regionlarda yerləşən Qalaaltı, Duzdağ, İstisu termal suları kimi müalicəvi məkanlar sağlamlıq turizminin inteqrasiyasına təkan verib.

Şirkət nümayəndəsi Cəmilə Quliyeva "AİTF" sərgisində ümumilikdə, 80 turizm istiqamətini təqdim edəcək. Tədbirin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, o cümlədən, idman və ekoloji turizm obyektləri yer alacaqdır.

Sərgidə 15 ölkə-Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya), Çexiya və Ukrayna milli stendləri ilə çıxış edəcəklər.

Onu da qeyd edim ki, bu il "Tibbi turizm və Sağlamlıq turizmi" istiqamətini təmsil edən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, sərgidə Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 32 şirkət ən son nailiyyətlərini təqdim edəcək.

Sərgi çərçivəsində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının ("AZTA"), həmçinin, Gəncə, Qarabağ, Qax, Quba, Lənkəran, Mingəçevir, Masallı, Naxçıvan, Sumqayıt və Zaqatalanın stendlərində tanış olmaq nəzərdə tutulub. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısıdır.

Sərgidə həmçinin, Bakı "Formula 1" Avropa "Qran Pri" yarışının ayrıca stendi olacaq. Burada yarışların proqramı, biletlərin əldə olunması haqqında ətraflı məlumat veriləcək.

Yubiley sərgini fərqləndirən cəhət odur ki, bu il təşkilatçılar ilk dəfə olaraq, tədbir çərçivəsində "vorkşop" keçirəcəklər. İştirakçılar əvvəlcədən planlaşdırılmış görüş çərçivəsində aparıcı yerli turizm şirkətləri ilə işgüzar münasibətlər qurmaq və vasitəçilərsiz birbaşa danışıqlar aparmaq imkanını əldə edəcəklər".

Konfrans KİV nümayəndələri ilə sual-cavab çərçivəsində davam edib.

Qeyd edək ki, "AITF" sərgisi 7-9 aprel tarixində yalnız turizm peşəkarları, aprelin 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə