Milli Kitabxana Azərbaycan ordusuna dəstək olub FOTOLAR

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında cəbhədə qələbə qazanan Azərbaycan ordusuna dəstək məqsədilə tədbir keçirilib. Kitabxanadan SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bildirib ki, artıq bir neçə gündür mənfur qonşularımız tərəfindən Azərbaycanın kəndləri, yaşayış məntəqələri irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutulur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilir. Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verir. Vurğulanıb ki, strateji əhəmiyyətə malik bir neçə yüksəklik düşməndən azad olunub.

O, Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşdiyini, onun bütün əmr və göstərişlərini dərhal yerinə yetirməyə hazır olduqlarını bildirib.

K.Tahirov qeyd edib ki, bu gün hətta ATƏT, Avropa Şurası və BMT-nin erməni təcavüzkarlarının zəbt etdikləri Azərbaycan torpaqlarını boşaltmalı olduqlarını söyləməsi qələbənin çox yaxında olduğuna işarədir.

Çıxış edən digər əməkdaşlar Azərbaycan ordusunun gücünə inandıqlarını bildirib və əsgərlərimizə uğurlar diləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə