Rafael Dadaşovla görüş keçirilib FOTOLAR

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artisti Rafael Dadaşovun anadan olmasının 70 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ilə yubilyarın görüşü keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə Bakı şəhər muzeylərinin əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Tədbirin açılışını edən Teatr Muzeyinin direktoru Sevinc Mikayılova öncə Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin ruhunu yad edərək, onlara Allahdan rəhmət, xalqımıza isə səbr diləyib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Rafael Dadaşovun Azərbaycan teatr sənətinin inkişafında göstərdiyi xidmətlərindən danışan muzeyin direktoru sənətkarın yaradıcılığı haqqında qısa məlumat verib.

Muzeyin elmi katibi Rəna Salahova çıxış edərək aktyorun özünəməxsus ifa tərzini vurğulayıb, onun çağdaş aktyorluq sənətinə verdiyi töhfələrindən və rəngarəng obrazlar silsiləsindən bəhs edib.

Çıxışlardan sonra Rafael Dadaşovun səhnə faəliyyətini əks etdirən, muzey tərəfindən hazırlanan video-çarx nümayiş olunub.

Tədbir sənətkarın həyatı və yaradıcılığı haqqında söhbətləri, həmçinin, muzeyin əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri tərəfindən sənətkara verilən suallarla davam edib.

Qeyd edək ki, Rafael Məlik oğlu Dadaşov 4 yanvar 1946-cı ildə aktyor ailəsində dünyaya göz açıb. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən aktyor 1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Tamaşaçılar qarşısına ilk dəfə Zaur ("Ümid", M. İbrahimbəyov) obrazında çıxmışdır. Səhnədə yaratdığı Don Juan ("Bəşərin komediyası, yaxud Don Juan", M.İbrahimov), Vojevatov ("Cehizsiz qız", A.Ostrovski), Klavdio ("Heç nədən hay-küy", U. Şekspir), Knyaz Xasay ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Camal "Nişanlı qız" (Sabit Rəhman), Klavdi ("Hamlet", U. Şekspir), Özdəmir ("Afət", H. Cavid) obrazları aktyorun yaradıcılığında dərin iz buraxıb. Onun "Səndən xəbərsiz", "Yollar görüşəndə", "Ötən ilin son gecəsi", "Mehmanxana sahibəsi", "Ordan-burdan", "Göz həkimi", "Mənim günahım", "Topal Teymur" televiziya tamaşalarında oynadığı rollar hər zaman tamaşaçılar tərəfindən sevilə-sevilə baxılır.

2006-cı ildən Respublikanın xalq artistidir.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə