Xalq artistləri ilə görüş keçiriləcək

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi xalq artistləri Zərnigar Ağakişiyeva və Rafael Dadaşovun anadan olmasının 70 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ilə yubilyarların görüşünü təşkil edir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə aktyorların həyat və yaradıcılığından söhbət açılacaq, muzey tərəfindən hazırlanmış video-çarxlar nümayiş olunacaq, tamaşaçıları maraqlandıran suallar səsləndiriləcək. Tədbirdə həmçinin, Bakı şəhər muzeylərinin əməkdaşları və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Tədbir aprelin 5-i saat 15.00-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçiriləcək.

Qeyd edək ki, çağdaş Azərbaycan teatrı tarixində xalq artistləri Zərnigar Ağakişiyeva və Rafael Dadaşovun özünəməxsus yeri vardır. Bu sənətkarlar həm səhnədə, həm də film və televiziya tamaşalarında yaratdıqları yaddaqalan obrazlarla tamaşaçıların sevimlisinə çevriliblər. Hər iki aktyorun sənətə gəlişi ötən əsrin 70-ci illərinə təsadüf edir.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabr ayının 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayan aktrisanın teatrda ilk rolu 1974-cü ildə A.Ostrovskinin "Müdriklər" əsərinin tamaşasında Mamayeva rolu olub. Bunun ardınca yaratdığı Xuraman ("Vaqif", S.Vurğun), Dilbər ("Sevil", C.Cabbarlı), Tatyana ("Meşşanlar", M. Qorki), xəbərçi Xədicə ("Adamın adamı", Anar), Qadın ("Kəllə", N.Hikmət), Maral ("Közərən ocaqlar", M. İbrahimov) və s. rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. "Yol əhvalatı", "Dantenin yubileyi", "Nə gözəldir bu dünya", "Təhminə", "Yaramaz" filmlərində, "Mehmanxana sahibəsi", " Kökdən düşmüş piano", "Köhnə dəbli komediya", "Ordan-burdan" və digər televiziya tamaşalarında yaratdıqları obrazlar aktrisanın yaradıcılığında xüsusi yer tutur.

2000-ci ildən Respublikanın xalq artistidir.

Rafael Məlik oğlu Dadaşov 4 yanvar 1946-cı ildə aktyor ailəsində dünyaya göz açıb. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən aktyor 1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Tamaşaçılar qarşısına ilk dəfə Zaur ("Ümid", M. İbrahimbəyov) obrazında çıxmışdır. Səhnədə yaratdığı Don Juan ("Bəşərin komediyası, yaxud Don Juan", M.İbrahimov), Vojevatov ("Cehizsiz qız", A.Ostrovski), Klavdio ("Heç nədən hay-küy", U. Şekspir), Knyaz Xasay ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Camal "Nişanlı qız" (Sabit Rəhman), Klavdi ("Hamlet", U. Şekspir), Özdəmir ("Afət", H. Cavid) obrazları aktyorun yaradıcılığında dərin iz buraxıb. Onun "Səndən xəbərsiz", "Yollar görüşəndə", "Ötən ilin son gecəsi", "Mehmanxana sahibəsi", "Ordan-burdan", "Göz həkimi", "Mənim günahım", "Topal Teymur" televiziya tamaşalarında oynadığı rollar hər zaman tamaşaçılar tərəfindən sevilə-sevilə baxılır.

2006-cı ildən Respublikanın xalq artistidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...