“Turizm və Səyahətlər” sərgisinin açılışı olacaq

Aprelin 7-si Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF" 2016) sərgisinin açılışı olacaq. SİA-nın verdiyi xəbərə görə, "AITF-2016" sərgisində 70-dən çox fərqli turizm istiqamətlərini təqdim edən dünyanın 40 ölkəsindən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır. Tədbirin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, o cümlədən, idman və ekoloji turizm obyektləri yer alacaqdır.

Sərgidə 15 ölkə-Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya), Çexiya və Ukrayna milli stendləri ilə çıxış edəcəklər. Həmçinin, Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar.

Bundan başqa, sərgidə ABŞ, İordaniya, İsveçrə, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Yunanıstan və digər ölkələrin turizm şirkətləri və otellərinin iştirakı gözlənilir. Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının ("AZTA"), həmçinin, Gəncə, Qarabağ, Qax, Quba, Lənkəran, Mingəçevir, Masallı, Naxçıvan, Sumqayıt və Zaqatalanın stendlərində tanış olmaq nəzərdə tutulub.

Qeyd edək ki, "AITF" sərgisi 7-9 aprel tarixində yalnız turizm peşəkarları, aprelin 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...