Bu gün Beynəlxalq Uşaq Kitabı Günüdür

Bu gün Beynəlxalq Uşaq Kitabı Günüdür

Bu gün dünyada Beynəlxalq Uşaq Kitabı Günüdür. SİA-nın verdiyi xəbərə görə, 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən, yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb.

Məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. 1953-cü ildə Yella Lepman uşaq ədəbiyyatı üzrə Nobel mükafatı olan "Hans Xristian Andersen" mükafatının təsis edilməsini təklif edib. Həmin ildə təsis olunan mükafat uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı - rəssama təqdim olunub.

Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən antik yunan müəllifi Ezopun təmsillərinin kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmli kitab nəşr etdirib. XVIII əsrdən uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranıb. D.Defo və C.Sviftin müvafiq olaraq, "böyüklər" üçün yazılmış "Robinzon Kruzo" və "Qulliverin səyahəti" romanları ideal formada uşaqların oxuma dairəsinə adaptasiya olunub. Yakov və Vilhelm Qrimm qardaşlarının nağıllar kitabı bu baxımdan diqqəti cəlb edir. H.K.Andersenin 1846-cı ildən başlayaraq, qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevirlər.

Bu il Beynəlxalq Uşaq Kitabı Gününə IBBY Təşkilatının Braziliya Milli Bölməsi sponsorluq edir. Braziliya yazıçısı Lusiana Sandroni "Biri vardı, biri yoxdu…" nağılı ilə uşaqlara müraciət edib. Adətən, belə cümlə ilə başlanan nağıllarda oxucular şahzadələrlə tanış olur. Lusiana Sandroni isə kitabxanaya ilk dəfə gələn Luizanın kitablara, nağıl qəhrəmanlarına olan marağını qələmə alıb.

Qeyd edək ki, Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə