Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun beş cilddə "Seçilmiş əsərlər"i nəşr olunub. SİA-nın verdiyi xəbərə görə, "Seçilmiş əsərlər"in birinci cildi Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edir. Teymur Əhmədovun Bakı, Moskva, Sankt-Peterburq, Həştərxan, Tbilisi şəhərlərinin kitabxana və arxivlərindən əldə etdiyi yeni-yeni materiallar, faktlar əsasında hazırladığı "Nəriman Nərimanovun dramaturgiyası" adlı namizədlik dissertasiyası onun aspirantura illərində apardığı gərgin elmi axtarışlarının və yuxusuz gecələrinin bəhrəsidir. Monoqrafiya 1966-cı ildə görkəmli elm xadimləri, akademiklər tərəfindən yüksək qiymətləndirilib.
Nəşrin ikinci cildində Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, Qılman İlkin, Zəlimxan Yaqub və digər görkəmli sənətkarların yaradıcılığı təhlil olunub.
Kitabın üçüncü cildində o, Nəriman Nərimanovun dramaturgiyası ilə yanaşı, publisistikası, ictimai-siyasi və ədəbi fəaliyyəti, ədəbi-tənqidi görüşlərindən söz açır.
Dördüncü cilddə "Ata yurdu", "Vətən səsi", "Vətən həsrəti", "Elturan", "Yeni fikir", "Füyuzat", "Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri" və "Erməni xəyanəti 1918-1920" sərlövhəli publisistik məqalələr yer alıb.
Sonuncu cilddəki "Ömrün üç zirvəsi: alim, redaktor, şəxsiyyət" yazısı Teymur Əhmədovu vətənpərvər ziyalı, fədakar alim və gözəl publisist kimi xarakterizə edir.
Qeyd edək ki, kitabda dərc olunan "Mənim həyatım" başlıqlı yazı Teymur Əhmədovun şəxsi həyat və yaradıcılığından bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB