“İstiqlal müjdəçisi” adlı tədbir-sərgi keçiriləcək

“İstiqlal müjdəçisi” adlı tədbir-sərgi keçiriləcək

8 aprel saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Nofəl Tahirzadəyə həsr olunmuş "İstiqlal müjdəçisi" adlı tədbir-sərgi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, sərgidə Nofəl Tahirzadənin şəxsi əşyaları, sənədləri, fotoşəkillərinin nümayişi, həmçinin, Ədalət Tahirzadənin "Nofəl Tahirzadə - Müstəqil Azərbaycan dövləti uğrunda mücahid" adlı kitabının təqdimatı nəzərdə tutulub.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Nofəl Tahirzadənin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadə, sinif yoldaşı Nailə Tahirzadə, hərbi tədqiqatçı Şəmistan Nəzərli və digər qonaqlar çıxış edəcək.

Daha sonra Respublikanın əməkdar artisti Ağalar Bayramov Nofəl Tahirzadənin qələmə aldığı şeir parçalarını səsləndirəcək.

Tədbirdə Nofəl Tahirzadənin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin, Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin nümayəndələrinin, Daxili Qoşunların əsgərlərinin və digər qonaqların iştirakı gözlənilir.

Qeyd edək ki, Nofəl Tahirzadə 5 sentyabr 1955-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Xirxatala kəndində anadan olub. 1972-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Nofəl Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun memarlıq fakültəsinə qəbul olunub, 1977-ci ildə Saransk şəhərinə təyinatla göndərilib və orada işləməyə başlayıb. 6 avqust 1978-ci ildə Saranskda müəmmalı şəkildə həlak olub. Nofəl Tahirzadə XX əsrin 70-ci illərində bütöv və müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda gizli mübarizə aparırdı, həmin dövlətin gerbini və bayrağını, müstəqil Azərbaycan Ordusu qərargahının sxemini, həmin ordunun hərbi Nizamnaməsini, Azərbaycanın milli əlifbasını hazırlayırdı. O, istedadlı memar, rəssam, yazıçı, şair və tarixçi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə