Elmi-Metodiki Mərkəzdə soyqırımı ilə bağlı tədbir keçirilib FOTOLAR

Elmi-Metodiki Mərkəzdə soyqırımı ilə bağlı tədbir keçirilib FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə "Azərbaycanlıların soyqırım gününü unutmayaq" adlı anım mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə qeyd edilib ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib.

XX əsrdə ikinci dəfə 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridilib, yüzlərlə azərbaycanlı məhv və şikəst edilib, yaralanıb, digər fiziki təzyiqlərə məruz qoyulub.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutaraq tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtarıb.

1919 və 1920-ci il martın 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə 1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart-Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə