Musiqili Teatrın aktrisası müsabiqədə iştirak edəcək

Musiqili Teatrın aktrisası müsabiqədə iştirak edəcək

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, söhbət may ayında Yekatirinburqda keçiriləcək SSRİ xalq artisti Vladimir Kuroçkin adına "Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi"ndən gedir. Dövlət Musiqili Teatrının aktrisası Aydan Həsənova bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə iştirak edəcək. Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, "Qerard Vasilyev adına Operetta Janrının Qorunub Saxlanması və İnkişafı Fondu" Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Operetta və muzikl çərçivəsində "Vokal və səhnə sənəti" nominasiyasında keçiriləcək müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqə 2016-cı il 16-21 may tarixlərində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək. Aydan Həsənova müsabiqədə Ü. Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını, İ. Dunayevskinin "Azad külək" operettasından Pepitanın mahnısını və F. Leqarın "Sirkin şahzadəsi" operettasından Teadoranın ariyasını ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə