Musiqili Teatrın aktrisası beynəlxalq müsabiqədə iştirak edəcək

Musiqili Teatrın aktrisası beynəlxalq müsabiqədə iştirak edəcək

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcək. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu SİA-ya bildirib ki, aktrisa may ayında Yekatirinburqda keçiriləcək SSRİ Xalq artisti Vladimir Kuroçkin adına "Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi"ndə iştirak edəcək. O qeyd edib ki, A.Həsənova bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə iştirak edəcək.

Nəzərinizə çatdıraq ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, "Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı" fondu, Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Operetta və muzikl çərçivəsində "Vokal və səhnə sənəti" nominasiyasında keçiriləcək müsabiqədə Rusiyadan və digər xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcəklər. Müsabiqə mayın 16-dan 21-dək Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək. A.Həsənova müsabiqədə Ü.Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını, İ.Dunayevskinin "Azad külək" operettasından Pepitanın mahnısını və F.Leqarın "Sirkin şahzadəsi" operettasından Teadoranın ariyasını ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə