"Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları Şahdağda olub FOTOLAR

"Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları Şahdağda olub FOTOLAR

"Ölkəmizi tanıyaq" şüarı ilə artıq iki ilə yaxındır ki, həyata keçirilən, respublikanın müxtəlif rayon və şəhərlərindən 9-11-ci sinif şagirdlərini əhatə edən və ölkəmizi daha yaxından tanımaq şansı verən maarifləndirici səfərlər çərçivəsində 160-a yaxın şagird "Şahdağ" Turizm Mərkəzini ziyarət edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, respublikanın 8 şəhərindən - Ağdaş, Ağdam, Şirvan, Göyçay, Laçın, Kəlbəcər, Xocalı, Xocavənd şəhərlərindən olan şagirdlər mərkəzdəki şərait və infrastrukturla tanış olub, onlara Azərbaycanın ilk dağ-xizək kurortunun kanat yolları, xizək yamacları, mərkəzdə mövcud olan müxtəlif əyləncə xidmətləri haqqında məlumat verilib. Səfər Novruz bayramı günlərinə təsadüf etdiyindən şagirdlər buradakı bayram abu-havasından da zövq alıblar.

Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində məktəblilərin "Şahdağ" Turizm Mərkəzinə birinci səfəri deyil. Bundan əvvəl 2014-cü ilin avqustunda "Ölkəmizi tanıyaq" turları çərçivəsində Tovuz və Ağstafa məktəblilərindən ibarət 80 nəfərlik şagird qrupu, 2014-cü ilin noyabrında Bakının Binəqədi və Nəsimi rayonlarının məktəblilərindən ibarət qruplar, 2015-ci ilin noyabrında isə İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan ümumilikdə 300-ə yaxın məktəbli kompleksi ziyarət edərək, buradakı istirahət-əyləncə növlərindən istifadə ediblər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzi daim məktəblilərin və gənc nəslin hərtərəfli inkişafında diqqət ayırır. Artıq iki ildir ki, mərkəzdə Qusar rayon və kəndlərində təhsil alan şagirdlər üçün Azərbaycanda ilk beynəlxalq xizək məktəbinin müəllimlərinin təlimçiliyi ilə xizək dərsləri təşkil olunur. Növbəti mövsümlərdə bu təlimlərin digər rayon və şəhər məktəblərini də əhatə etməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə