Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri hesab edilən "MITT 2016" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi milli stendlə təmsil olunub. SİA-nın NAzirliyə istinadən verdiyi xəbərə görə, sərgidə Nazirliyin Turizm şöbəsinin regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva iştirak edib.
Nazirliklə yanaşı, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan "Tour a Vent" şirkəti, Şahdağ Turizm Mərkəzi, Azərbaycan Hava Yolları, "AITF" sərgisinin, cari ilin 17-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək "Formula 1 Avropa Qran Prisi" nin Təşkilat Komitəsindən və 20-yə yaxın yerli turizm şirkətlərindən (Globus travel, Geo travel, Gilan Tourism, Green Apple, The Tour, Az Terra, Millennium travel, Delta travel, Turizm.az, Victory Tour) nümayəndələr sərgidə təmsil olunub.
Bu sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 70 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün rus və ingilis dillərində müxtəlif reklam çap məhsulları ilə birgə təqdim edilib.
Sərgi zamanı əsas turizm nəşriyyat qurumlarından olan "National Geographic Russia", "Discovery" və o cümlədən, "Вояж" ilə işgüzar görüşlər keçirilib. Bundan əlavə, "Россия24" telekanalında ölkəmizə məxsus olan stenddə nümayiş edilən turizm imkanları barədə geniş məlumatın təqdim edilməsi məqsədilə müsahibə verilib.
"Mitt 2016" sərgisi çərçivəsində işgüzar əlaqələri genişləndirmək məqsədilə Azərbaycan Turizm Assosiasiyası və Tümen regional Turizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd edək ki, 1994-cü ildən keçirilən və dünyanın ən böyük turizm və səyahət sərgilərindən hesab olunan "MITT 2016"-da cari ildə dünyanın 200-dək ölkəsindən 2500-dən artıq turizm şirkəti iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB