“Şahdağ”da “Arşın mal alan” musiqili komediyası səhnələşdirilib FOTOLAR

“Şahdağ”da “Arşın mal alan” musiqili komediyası səhnələşdirilib FOTOLAR

"Şahdağ" Turizm Mərkəzində Novruz bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında hazırlanan "Arşın mal alan" musiqili komediyası səhnələşdirilib.

Mərkəzdən SİA-ya verilən xəbərə görə, bir əsrdən artıq yaşı olan əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak edib. Azərbaycan teatr tarixində xüsusi yeri olan bu əsər təkcə yerli deyil, eyni zamanda xarici turistlərin də marağına səbəb olub, aktyorların çıxışları alqışlarla qarşılanıb.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzi Azərbaycan tarixinin və milli ənənələrinin təbliğinə daim diqqət ayıraraq, qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan keçirmələri üçün hər il bu qəbildən olan tədbirlər təşkil edir.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar turizm mərkəzində martın 26-dək davam edəcək çoxçeşidli bayram proqramı və şənlikləri hazırlanıb. Qonaqlar təkcə qarlı Şahdağ yamaclarında xizək sürməkdən deyil, eyni zamanda ənənəvi Novruz personajlarının əyləncəli, kəndirbazların isə cəsarətli çıxışlarından, xizəkçilərin möhtəşəm görüntülü məşəl şousundan həzz almaqdadırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə