"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. SİA-nın verdiyi xəbərə görə, şagirdlərə Heydər Əliyev Mərkəzi haqda məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Naxçıvanlı məktəblilər Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə də tanış olublar. Onların diqqətinə çatdırılıb ki, Muzeydə ümummilli lider Heydər Əliyevin həyatı, həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərindəki fəaliyyəti interaktiv formatda çatdırılır. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Qeyd edək ki, sonra tur-aksiya iştirakçıları Mərkəzdə "Azərbaycan inciləri: tarixin axarında" sərgisinə baxıblar. Onlara məlumat verilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı unikal eksponatlar nümayiş etdirilir. Burada Azərbaycanın qədim çalğı alətləri orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB