Özbəkistanda Azərbaycan Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Azərbaycanın maddi və qeyri-maddi irs nümunələrinin təbliği məqsədi ilə geniş tədbirlər həyata keçirir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Mədəniyyət Mərkəzi tərəfindən bu məqsədlə keçirilən tədbirlərdə "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa edir, mətbəx festivallarında Azərbaycan milli mətbəxinə dair yeməklər, şirniyyatlar təqdim olunur və bu iş artıq ənənə halını alıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı iki dilli (özbək və rus) kitab nəşr olunub. Kitab Daşkənddəki "Kamalak-PRESS" nəşriyyatında çap edilib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun məlumatına əsasən, sözügedən nəşr özbək dilində ilk layihədir ki, Azərbaycan mədəni irsinə dair məlumatları özündə əks etdirir. O, kitabda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan "YUNESKO-nun "Qeyri-maddi mədəni irs siyahısı"na daxil edilmiş mədəni irs elementləri, milli musiqi alətləri haqqında, habelə Azərbaycan Milli Kulinariya Mərkəzinin məlumatlarından istifadə edildiyini bildirib.
"Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı kitabda Azərbaycanın xalça, muğam və aşıq sənəti, Novruz bayramı, kəlağayılar, Lahıc - misgərlik sənəti, Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, milli musiqi alətlərimiz, milli kulinariyamızın nümunələri geniş olaraq öz əksini tapıb. Nəşrdə Azərbaycan xalq rəqsləri-"Köçəri", "Yallı", "Uzundərə", "Turacı", "Nəlbəki" və başqaları haqqında məlumatlar da geniş işıqlandırılıb. Kitabın redaktoru və tərcüməsini tanınmış özbək alim Usman Kuçkar həyata keçirib.
"Ön söz"ün müəllifləri Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. "Ön söz"də Azərbaycan ərazisinin bəşər sivilizasiyasının ilk meydana gəldiyi məkanlardan olduğu və burada yaşamış insanların çox böyük və dəyərli maddi mədəniyyət nümunələri yaratdığı qeyd olunub.
Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi, mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələrin həyata keçirildiyi və bu istiqamətdə
Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanıb.
Nəşrdə Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkənin mədəni irsinə, mədəniyyət abidələrinə çox böyük ziyan dəydiyi, açıq səma altında muzey olan Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi - Şuşa şəhərində və digər ərazilərdə xalqımıza məxsus maddi mədəniyyət nümunələrinin talan və məhv edilməsi yazılıb.
Dağlıq Qarabağ və ona heç bir aidiyyatı olmayan 7 rayonda 13 dünya, 292 ölkə əhəmiyyətli abidə, muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrini yerlə-yeksan edilməsinin beynəlxalq təşkilatların rəsmi sənədlərində də öz əksini tapdığı, Azərbaycanın Ağdam şəhərindəki dünyada yeganə hesab olunan "Çörək muzeyi", 13 mindən artıq nadir eksponatlı Kəlbəcər və Laçın şəhər tarix-diyarşünaslıq muzeylərinin darmadağın edildiyi "Ön söz"də xüsusi vurğulanıb.
"Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı kitab həm Özbəkistanda, həm də dünyada maraqlananlara Azərbaycan mədəni və qeyri-maddi irs nümunələri haqqında məlumat və biliklər əldə etməyə yardımçı olacaq.
Qeyd edək ki, nəşrin yaxın vaxtlarda Nəvai adına Özbəkistan Milli Kitabxanasında təqdimatı keçiriləcək və onun Özbəkistan kitabxanalarına, tədqiqat müəssisələrinə, ali məktəblərə, aidiyyatı qurumlara, bu ölkədəki xarici diplomatik nümayəndəliklərə göndərilməsi nəzərdə tutulub.
.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB