ATMU-nun tələbələri Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup tələbə və işçisi Misir Ərəb Respublikasının Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində tanışlıq turunda olub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüş zamanı mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, azərbaycanşünas alim Əhməd Sami Elaydi tələbələrə Misirin zəngin mədəniyyəti və tarixi haqqında ətraflı məlumat verib. Əhməd Sami Elaydi Mərkəzin muzeyi və zəngin kitabxanası ilə tanışlıq əsnasında tur iştirakçılarına Azərbaycan-Misir dostluq əlaqələrinin, o cümlədən, icra olunan və gələcəkdə həyata keçiriləcək birgə layihələrin hər iki ölkə üçün əhəmiyyətli olduğunu deyib.
Qeyd edək ki, maraqlı müzakirə şəraitində keçən görüşdə ərəb dili ilə maraqlanan tələbələr üçün ödənişsiz kursların təşkil olunması, kitabxananın qiymətli resurslardan istifadə etmə imkanları, Misirin müxtəlif kurort şəhərlərində bir semestrlik istehsalat təcrübəsi, o cümlədən, birgə layihələrin təşkili və icra olunması məsələlərinə münasibət bildirilib. Tələbələrin Azərbaycan və Misir arasındakı əlaqələri ilə bağlı sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB