“Novruz çiçəkləri” antologiyasının təqdimat mərasimi keçirilib

“Novruz çiçəkləri” antologiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda kərküklü şair Şəmsəddin Kuzəçinin Azərbaycan şairələrinin şerlərindən ibarət "Novruz çiçəkləri" antologiyasının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə millət vəkili Qənirə Paşayeva, "İraq-türkmən Kültür Merkezi"nin sədri, şair Mustafa Ziya, yazıçı, publisist, professor Qəzənfər Paşayev, "Atatürk" mərkəzinin şöbə müdiri, şair, publisist Əkbər Qoşalı, Yazıçılar Birliyinin üzvləri və KİV nümayəndələri iştirak edib. Tədbirin açılışını edən Qəzənfər Paşayev Şəmsəddin Kuzəçinin yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, Şəmsəddin Kuzəçinin müəllifi olduğu digər ədəbiyyat nümunələri kimi, bu kitab da təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyətə malikdir.

"İraq-türkmən Kültür Merkezi"nin sədri, şair Mustafa Ziya çıxış edərək Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Şəmsəddin Kuzəçi ilə birgə türk xalqlarının mədəni irsini araşdıran Mustafa Ziya Türkiyə ilə Azərbaycanın qardaş münasibətlərindən danışıb.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva qonaqları salamlayaraq, türk qadınlarına göstərdiyi ehtirama görə, Şəmsəddin Kuzəçiyə təşəkkür edib. O, həmçinin, bütün türk xalqlarının daim bir arada, qardaş münasibətdə yaşamasını arzulayıb.

Sonda müəllif iştirakçılara şəxsi imzası olan kitabları hədiyyə edib.

Qeyd edək ki, "Novruz çiçəkləri" kitabında 17 Azərbaycan şairəsinin ədəbi yaradıcılığından nümunələr yer alıb.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə