Bu gün Novruz bayramı münasibəti ilə keçiriləcək bayram konsertinin əsas məşq prosesi gerçəkləşib. SİA-nın verdiyi xəbərə görə, martın 19-da keçiriləcək konsert proqramı Qız Qalası ərazisindən start götürəcək və Dənizkənarı bulvarda davam edəcək. Əsas məşq prosesində mədəniyyət və turizm naziri Ədalət Vəliyev, KİV nümayəndələri iştirak edib.
Nazir müavini konsert proqramı ilə bağlı jurnalistlərə açıqlama verib: "Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakıda və Azərbaycanın bütün rayonlarında Novruz bayramı ilə əlaqədar olaraq, silsilə tədbirlər olacaq. Bu il Novruz bayramı münasibəti ilə baş tutacaq konsert proqramı Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, və Formula-1 yarışlarının təşkilatçıları tərəfindən həyata keçiriləcək. Tədbirdə Azərbaycanın bölgələrində, həmçinin, Bakı şəhərində fəaliyyət göstərən bütün teatr, musiqi kollektivləri, özfəaliyyət nümayəndələri iştirak edəcək. Gün ərzində saat 11:00-dan 17:00-a kimi konsert olacaq, axşam saat 18:00-dan 19:45-ə kimi isə Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanan böyük bayram proqramı ilə davam edəcək. Sonda Müdafiə Nazirliyinin hərbi orkestri, dövlət xor kopellası, nəfəsli alətlər ansamblının çıxışı baş tutacaq. Xüsusilə qeyd edim ki, bu il əvvəlki illərdən fərqli olaraq, Kənd Təsərrüfatı Nazirliyi üç gün ərzində "Şərq bazarı" səhnəsində bayram yarmarkası təşkil edəcək".
Bayram tədbirinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova da jurnalistlərə açıqlamasında proqramın gedişatı ilə bağlı məlumat verib. Bildirib ki, konsertdə "Yallı", "Cəngi" rəqslərinin, aşıqların, xanəndələrin ifası nəzərdə tutulub. Həmçinin, bayramın atributları olan Kosa və Keçəlin çıxışları, pəhləvanların güləş səhnələri də yer alacaq.
Qeyd edək ki, bayram tədbirinin həyata keçirilməsində Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Opera və Balet Teatrının və digər mədəniyyət müəssisələrinin kollektivi iştirak edəcək.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB