“Hünər” X Vətənpərvərlik Mahnıları Festivalının qalibləri açıqlanıb FOTOLAR

“Hünər” X Vətənpərvərlik Mahnıları Festivalının qalibləri açıqlanıb FOTOLAR

Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə keçirilən "Hünər" X Vətənpərvərlik Mahnıları Festivalının final konserti və qaliblərin mükafatlandırılması mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, konsertdən öncə Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestri tərəfindən Azərbaycanın Dövlət Himni səslənib.

Tədbirin açılışını edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qonaqları salamlayaraq festival haqqında məlumat verib: "Bu gün "Hünər" X Vətənpərvərlik Mahnıları Festivalına yekun vurulur. Əvvəlki illərdən fərqli olaraq builki yubiley festivalı tələbələr arasında keçirilib. Bu illər ərzində festival yüzlərlə istedadlı gəncin ortaya çıxmasına səbəb olub. Artıq ənənəyə çevrilmiş, hər il keçirilən bu festivala marağın artması gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə daha bir töhfədir.

Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir".

Konserti Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin solisti Tural Ağasıyev açıb. O, unudulmaz müğənni və bəstəkar Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ifa edib.

Festivalın münsiflər heyətinin tərkibinə xalq artistləri – bəstəkar Eldar Mansurov, müğənni Mübariz Tağıyev və əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu daxildir.

Festivalın seçim turunda ölkəmizin müxtəlif rayon və şəhərlərini təmsil edən 40-dan çox gənc iştirak edib. Onlardan 10 nəfəri finala çıxıb.

Qeyd edək ki, yekun konsertindən sonra ilk üç yeri tutmuş iştirakçılar diplomlar və mükafatlarla təltif olunub. Digər iştirakçılara isə diplom və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə