Musiqili Teatrın kimsəsizlərə Novruz təbriki

Musiqili Teatrın kimsəsizlərə Novruz təbriki

Azərbaycan Dövlət Musiqili Teatrı Novruz Bayramı münasibəti ilə "Azərbaycan uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramı ilə çıxış edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, musiqili-əyləncəli tədbir teatrın hazırladığı "Novruz" Sosial Proqramları çərçivəsində baş tutub. Əməkdar artist Novruz Qartal, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Gülnarə Kərimbəyova və başqalarının ifasında Dövlət Musiqili Teatrının repertuarındakı müxtəlif tamaşalardan parçalar, yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Tamaşaçılarla canlı ünsiyyət yaradan teatrın kollektivi təşkil etdikləri oyunlar, bir-birindən maraqlı səhnəcik və musiqi nömrələriylə "Azərbaycan uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində məskunlaşan balacalara unudulmaz anlar yaşadıblar. Bahar Qız dünyadakı bütün uşaqları Novruz Bayramı münasibətilə təbrik edib. Sonda bayram şamları yandırılıb və tədbir baharın və Novruzun rəmzi sayılan səməninin dövrəsində oynanılan "Yallı" rəqsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Azərbaycan uşaqları" İctimai Birliyi 1992-ci ildə uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi məqsədilə yaradılıb. 2010-cu ildə təşkilatın nəzdində 24 saat ərzində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi açılıb. Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata keçirilir. Küçədə yaşayan, kimsəsiz, baxımsız və digər bu qəbildən olan uşaqlara sosial, psixoloji, hüquqi yardım göstərilir, onlar sığınacaq, geyim, təhsil, qida və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı zəruri xidmətlərlə təmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə