“Tvinninq” layihəsinin açılış mərasimi keçirilib FOTOLAR

“Tvinninq” layihəsinin açılış mərasimi keçirilib FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Avropa İttifaqının (Ai) dəstəyi əsasında mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsi məqsədi ilə gerçəkləşdirilən "Tvinninq" layihəsinin açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillon, hökumət və KİV nümayəndələri iştirak edib.

Təqdimatın açılışını edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihə haqqında məlumat verib: "Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əsasında gerçəkləşdirilən yeni layihənin astanasındayıq. Bu, Mədəniyyət və Turizm Nazirliyi ilə Avropa İttifaqının həyata keçirdiyi ikinci layihədir. Lakin digər layihə turizm sektorunun inkişafına həsr olunmuşdur. Həmin layihə Avstriya və Litva ölkələri xətti ilə gerçəkləşmişdir. Bu gün biz əməkdaşlıqdan əldə etdiyimiz təcrübədən hələ də faydalanırıq. Hesab edirəm ki, Azərbaycan mədəniyyətinin müasirləşdirilməsinə, müasir texnologiya və idarəetmə üsulları ilə təmin olunmasına ehtiyac var. Yeni layihə məhz bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulub. "Tvinninq"in həyata keçirilməsində İtaliyanın təklifi qalib gəlib. Bu, çox məntiqlidir. Çünki İtaliyanın mədəni siyasəti yüksək səviyyədədir. Azərbaycanla İtaliya arasında uzunmüddətli mədəni əlaqələr mövcuddur. Roma şəhərində dahi şəxsiyyətimiz Nizami Gəncəvinin heykəlinin qoyulması bunun göstəricisidir. Azərbaycan mədəniyyətinin inkişafına həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən xüsusi yer verilir. Bu baxımdan, iki il davam edəcək layihə mədəniyyət müəssisələrinin yeni standartlara cavab verilməsi məqsədi ilə mütərəqqi addımlar atacaq. Layihə iki komponentə əsasən icra olunacaq:

1. Mədəniyyət sektorunun siyasəti və idarə olunması üzrə islahatlar;

2. Mədəni irsin idarə olunmasının institusional inkişafı.

Bu iki amili nəzərə alaraq, iki il müddətində ölkənin bütün regionlarında davamlı islahatlar aparılacaq". Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığından danışıb: "Azərbaycanla Avropa İttifaqı arasında 2007-ci ildən etibarən, 33 "Tvinninq" həyata keçirilib. Azərbaycan bu layihələrdən çox yararlanıb. Yeni "Tvinninq" heç də konsultasiya və məsləhət xarakterli deyil. Biz öz təcrübələrimizi sizinlə paylaşmağa, mədəniyyətin inkişafına cavab verəcək yeni standartları tədbiq etməyə çalışacayıq. İtaliyanın nümayəndəliyi bunu sadəcə öz ölkələri çərçivəsində deyil, Avropa İttifaqının prinsipləri əsasında da gerçəkləşdirəcək. Mədəniyyət sahəsi Avropa İttifaqı üçün böyük sektordur. Çünki İttifaqın ümumdaxili məhsulunun 3%-i mədəniyyətin payına düşür. Layihənin həyata keçirilməsində həm tərəfdaş ölkənin, həm də Azərbaycanın nümayəndələrinin üzərinə məsuliyyətli iş düşür.

Bizim əməkdaşlığımız sadəcə iki il davam etməyəcək. Düşünürəm ki, "Tvinninq" gələcəkdə reallaşa biləcək yeni layihələrə zəmin yaradacaq". Daha sonra çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillon İtaliya ilə Azərbaycanı birləşdirən ümumi cəhətləri vurğulayıb: "İtaliya kimi, Azərbaycanda qədim tarixi-mədəni keçmişi olan ölkədir. Bu baxımdan, iki ölkəni birləşdirən bir sıra ortaq, bəşəri amillər var. İtaliya ilə Azərbaycanın 20 ilə dayanan əməkdaşlıq keçmişi var. Ölkələrimiz arasında 2014-cü ildə imzalanmış müqavilə bizi daha da yaxınlaşdırıb. Hesab edirəm ki, ölkəmiz inkişaf etmiş mədəni siyasətə sahibdir. YUNESCO-nun mədəni irs siyahısına İtaliyanın 50 abidəsinin daxil edilməsi buna əyani sübutdur. Biz də öz mədəni təcrübəmizi sizinlə paylaşmağa və birgə uğurlu nəticələr əldə etməyə çalışacayıq".

Çıxışlardan sonra mədəniyyət və turizm nazirinin nümayəndəsi Ramil Abbəkirov, üzv dövlətin layihə rəhbəri Adele Cesi və Rezident Tvinninq Müşaviri Alessandro Bianki tərəfindən "Tvinninq"in tədqimatı gerçəkləşib.

Qeyd edək ki, layihənin Aİ tərəfindən maliyyələşdirilən büdcəsi 1,2 milyon avro təşkil edir. Azərbaycanın mədəniyyət sektorunda hüquqi baza və idarəetmə sisteminin müasirləşdirilməsinə töhfə vermək məqsədilə reallaşdırılacaq layihə İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi iki əsas istiqamətdə icra olunacaq. Bunlardan biri Azərbaycanda mədəniyyət sahəsi üzrə qanunvericilik, struktur və idarəçilik amillərinin nəzərə alınması ilə ümumi sistemin inkişaf etdirilməsidir. Digər istiqamət isə milli-mədəni irsin, o cümlədən, maddi və qeyri-maddi irs, muzeylər və kitabxanaların idarəolunma sistemi üçün yeni səmərəli modelin hazırlanması, inkişaf etdirilmiş mədəni irsin mühafizəsi, qorunması və təbliği üçün aktual tənzimləyici iş planının təqdim olunmasıdır.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə