Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyası B.Basanqov adına Kalmık Milli Dram Teatrı arasında artıq 4 ildir ki, qarşılıqlı yaradıcılıq müqaviləsi imzalanıb. GTT-dən SİA-ya verilən məlumata görə, bu 4 il ərzində adıçəkilən teatrlar qarşılıqlı qastrol səfərləri ilə əməkdaşlıqlarını möhkəmləndirib və münasibətləri daha da genişləndirərək rejissor mübadilələri həyata keçiriblər.
Hazırda hər iki teatrın cari repertuarında olan "Xortdanın cəhənnəm məktubları" (Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi Boris Mandjiyevin quruluşunda) və "Sevən qadın" (Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda) tamaşaları Azərbaycan və Kalmık teatrlarının yaradıcılıq münasibətlərinin uğurlu bəhrəsidir.
4 illik uğurlu əməkdaşlıq bu günlərdə Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru, Həmkarlar komitəsinin sədri İlham Əsədovun Kalmıkiyadakı konsert proqramı ilə daha da möhkəmlənib. Belə ki, İ.Əsədov Kalmıkiyanın paytaxtı Elista şəhərində Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Восток – дело тонкое" adlı konsert proqramı ilə çıxış edib. Kalmıkiya Dövlət Filarmoniyasında baş tutan konsertdə aktyor- müğənni Filarmoniyanın direktoru, Kalmikiya Respublikasının əməkdar incəsənət xadimi Arkadi Mandjiyevlə bir səhnəni bölüşüb.
Konsertdə Azərbaycan, rus, kalmık və türk dillərində mahnılar ifa edən aktyorumuz A.Mandjiyevlə də bir neçə Azərbaycan mahnısını duet şəklində ifa edib.
Bir sıra dövlət rəsmilərinin iştirak etdiyi konsert proqramında İ.Əsədova Kalmıkiya Respublikasının başçısı İ.Zotovun imzası ilə "Azərbaycan və Kalmık xalqları arasındakı mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə" "Təşəkkürnamə" təqdim olunub.
Konsertdə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Naziri Xonqor Elbikovun iki Respublika arasında mədəni əlaqələrin inkişafındakı dəstəyə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə və Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə ünvanlanan "Təşəkkür" məktubları aktyorumuza təqdim olunub.
Filarmoniyanın direktoru, Kalmikiya Respublikasının əməkdar incəsənət xadimi Arkadi Mandjiyev də öz növbəsində Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə, şəxsən, Mübariz Həmidova öz dərin minnətdarlığını əks etdirən "Təşəkkür" məktubu göndərib.
Qeyd edək ki, böyük maraqla qarşılanan konsertlə bağlı aktyorumuz təkliflər alıb. Gələcəkdə teatrlar arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin daha da genişləndirilməsi ilə yanaşı, maraqlı konsert proqramlarının da həyata keçirilməsi nəzərdə tutulur.

.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB