Tərcümə Mərkəzinin elmi-bədii şurasının iclası keçirilib

Tərcümə Mərkəzinin elmi-bədii şurasının iclası keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərəzinin elmi-bədii şurasının iclasında nəşrə hazırlanan "Azərbaycan ədəbiyyatı antologiyası"nın mündəricatı və "İşlək orfoqrafiya lüğəti" üzərində aparılan işlər müzakirə edilib.

Tərcümə Mərkəzindən SİA-ya verilən xəbərə görə, Mərkəzin direktoru Afaq Məsud bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan ədəbiyyatının dünyada tanıdılması məqsədilə "Müasir Azərbaycan ədəbiyyatı" antologiyasının müxtəlif dillərdə və formatlarda nəşrini və təbliğini həyata keçirir.

Sonra şura üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov, professorlar Cəlil Nağıyev, Vilayət Hacıyev, Paşa Kərimli, şair Ramiz Rövşən kitaba daxil edilməsi qərara alınan ədiblərin və əsərlərin seçimi ilə bağlı öz fikirlərini söyləyib, təklif və tövsiyələrini bildiriblər. Antologiyanın, qədim dövrlərdən başlayaraq, müasir ədəbiyyatı əhatə edəcək, daha geniş formatda, üç cilddə tərtib edilməsi qərara alınıb.

İclasın davamında Tərcümə Mərkəzi tərəfindən nəşrə hazırlanan "İşlək orfoqrafiya lüğəti" və hazırda istifadədə olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə çıxarılan sözlərin təsnifatı müzakirə olunub.

Şura üzvləri həmçinin, hazırlıq prosesində olan yeni orfoqrafiya lüğəti ilə bağlı mülahizə və təkliflərini səsləndirib, ədəbi Azərbaycan dilinin düzgün yazılış qaydasını müəyyən edən bu lüğətə uyuşmayan və bu səbəbdən kitabda yer alması mümkün olmayan minlərlə sözlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, sonda "İşlək orfoqrafiya lüğəti"nin istifadə qaydalarını müəyyən edəcək "Ön söz"ün hazırlanması və bu işə, dil və lüğət sahəsində təcrübəsi olan mütəxəssislərin cəlb edilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə