Aprelin 7-9-da "Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar-HOREX Caucasus" sərgisi start götürəcək. SİA-nın verdiyi xəbərə görə, sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə həyata keçiriləcək.
Qonaqpərvərlik və qida sektoru Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf edən qeyri-neft sahələrindən birinə çevrilib və buna görə də, Azərbaycanda "BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu", "Şahmat üzrə dünya çempionatı", bir nəfərlik açıq təkərli avtomobil yarışları üzrə "Formula-1" dünya çempionatı, "İslam Həmrəylik Oyunları" və digər çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi mehmanxana, restoran və idman kompleksləri ilə yanaşı, biznes və ticarət mərkəzlərinin də intensiv tikintisinə təkan verir. Bütün bunlar isə "HOREX Caucasus" sərgisinin nə dərəcədə aktual olduğunu bir daha sübut edir.
Bu il "HoReCa" qonaqpərvərlik sektorunu təmsil edən istehsalçı və distribyutorlar tədbir çərçivəsində otel ləvazimatları və ətriyyat, habelə, tekstil və uniforma, şəxsi gigiyena vasitələri, peşəkar təmizlik avadanlıqları, qida məhsulları və içkilər təqdim edəcəklər. Ənənəvi olaraq, sərgi istehsalçı şirkətlərlə yanaşı, məhsul təchizatçıları və geniş tərkibli istehlakçılar tərəfindən ziyarət olunur.
Bu gün bütün dünyada mürəkkəb qlobal-iqtisadi durumun mövcud olduğu bir vaxtda, əksər şirkətlər imzaladıqları müqavilələri və tərəfdaşlıq əlaqələrini təkrar nəzərdən keçirir və bu zaman həm qiymət, həm də keyfiyyət baxımından daha optimal təkliflərə üstünlük verirlər. Məhz bu sərgi müştərilərlə birbaşa əlaqə yaratmaq, yeni səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrini genişləndirmək üçün imkan yaradacaq.
Qeyd edək ki, "HOREX Caucasus 2016" sərgisi ənənəvi olaraq, 15-ci Yubiley Azərbaycan beynəlxalq "Turizm və Səyahətlər" (AITF 2016) sərgisi ilə eyni meydançada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB