“Əsrlərdən gələn sənətimiz”

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyi "Əsrlərdən gələn sənətimiz" layihəsi çərçivəsində sənətkarların əl işləri sərgisinin təşkili planlaşdırılıb. SİA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, sərgidə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən sənətkarların hazırladıqları əl işlərinin nümayişi və satışı həyata keçiriləcək.

Layihənin əsas məqsədi itirilməkdə olan bədii sənətlərin dirçəldilməsi, gənclərin sənətkarlığa marağının artırılması, milli dəyərlərin saxlanması və qorunması, regionlarda bədii sənət növləri üzrə kiçik, orta sahibkarlığın inkişafına dəstək verməkdir. Eyni zamanda, sənətkarlıq sahələri üzrə kiçik və orta sahibkarlığın inkişafına nail olmaqla ictimaiyyətin diqqətini yerli məhsullara cəlb etməkdir.

Sərgidə Gəncə, Şəki, İsmayıllı, Lənkəran, Quba və Qəbələ regionlarında metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, xalçaçılıq, zərgərlik, dulusçuluq, çəkməçilik və papaqçılıq sahələrində fəaliyyət göstərən 20-ə yaxın sənətkarın 400-dən çox əl işləri nümayiş olunacaq.

Qeyd edək ki, tədbirin açılış mərasiminin 16 mart 2016-cı il tarixində, saat 12:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə