YUNESKO-nun baş Qərargahında toplantı keçirilib

YUNESKO-nun baş Qərargahında toplantı keçirilib

Fransanın Paris şəhərində Azərbaycan Hökuməti və YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair 2013-cü ildə imzalanmış Çərçivə sazişinin həyata keçirilməsini müzakirə etmək məqsədilə, Rəhbər Komitənin ilk toplantısı keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, toplantıda YUNESKO-nun müvafiq bölmələrinin nümayəndələri və Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edib. Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsini icra edən Gülnarə Ağalarova və Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Nuriyyə Məmmədova olub.

İclasın keçirilməsində əsas məqsəd sözügedən saziş çərçivəsində Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə YUNESKO tərəfindən həyata keçirilmiş layihələr haqqında müvafiq hesabatların təqdim edilməsi və qiymətləndirilməsi, həmçinin, yeni layihələrin dəstəklənməsi imkanlarının araşdırılması olub.

Qeyd edək ki, mədəniyyət sahəsində aşağıdakı layihələr həyata keçirilib:

1. "Mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın təşviqi məqsədilə, elektron təlim mənbələrinin inkişaf etdirilməsi;

2. "İpək Yolu onlayn Platforması";

3. "Banqladeş və Qvatemalada davamlı inkişafın təmin edilməsi məqsədilə, qeyri-maddi mədəni irsin mühafizəsi sahəsində dövlətin qabiliyyətinin gücləndirilməsi".

Bütün xəbərlər Facebook səhifəmizdə