Baş katib Azərbaycanın stendini ziyarət edib FOTOLAR

Baş katib Azərbaycanın stendini ziyarət edib FOTOLAR

Məlumat verdiyimiz kimi, 09-13 mart 2016-cı il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən "İTB Berlin 2016" beynəlxalq turizm sərgisində ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov və Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyev tərəfindən təmsil olunur. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Baş katibi cənab Taleb Rifai sərgidə Azərbaycanın milli stendini ziyarət edərək, ölkəmizi bu sərgidə təmsil edən milli turizm nümayəndələri ilə görüşüb. Cənab Rifai bir neçə gün öncə ölkəmizdə Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzlərinin toplantısında iştirak etmək məqsədilə səfərdə olduğunu və ölkəmizdən zəngin təəssüratlarla ayrıldığını diqqətə çatdırıb, ölkəmizin turizm potensialının dünya turizm xəritəsində əhəmiyyətini vurğulayıb.

Bundan əlavə, ölkəmizin milli stendi "Luftansa City Center" Beynəlxalq turizm operatorunun şəbəkəsinə daxil olan şirkətlərin illik şəbəkə toplantısına ev sahibliyi edib. Tədbirdə ölkəmizin turizm şirkətlərinin də daxil olduğu beynəlxalq şəbəkəsinin 150-dən artıq üzvü iştirak edib və əməkdaşlığa dair görüşlər keçirilib.

Qeyd edək ki, ötən il ərzində Almaniyadan ölkəmizə səfər edən turistlərin sayında təxminən, 9 faiz artım müşahidə olunub.

Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən, "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə