Əbülfəs Qarayev Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb FOTOLAR

Əbülfəs Qarayev Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, nazir onu təkrar paytaxtımızda salamlamaqdan məmnun olduğunu bildirib.

İSESCO ilə ölkəmiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, həm Heydər Əliyev Fondu, həm də nazirliklə qurulan faydalı əməkdaşlığın səmərəli olduğunu vurğulayan nazir Əbülfəs Qarayev bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Səmimi qəbula görə minnətdarlıq edən ISESCO-nun baş katibi Bakıya növbəti səfərindən razılığını qeyd edib. ISESCO Baş Assambleyasının keçən ilin noyabr ayında yüksək səviyyədə keçirildiyini və Azərbaycanın növbəti üç il müddətinə sədr seçildiyini qeyd edən baş katib ölkəmizin islam dünyasında humanitar əməkdaşlığın inkişafına böyük töhfələr verdiyini bildirib.

Ölkəmizdə keçirilən beynəlxalq Forumları əlamətdar hadisə kimi qiymətləndirən qonaq, Azərbaycanın bölgədə və dünyada sülhə və təhlükəsizliyə müsbət təsir etdiyini vurğulayıb. İSESCO baş katibi ölkələr arasında mədəni əlaqələrin inkişafı istiqamətində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti xanım Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd edib.

Cənab Əbdüləziz bin Osman əl-Tuveycri apreldə Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcəyini və forum çərçivəsində gerçəkləşəcək Bakı Prosesi sessiyasında tərəfdaş kimi məmnuniyyətlə çıxış edəcəyini vurğulayıb. Görüşün sonunda cənab Prezident İlham Əliyev tərəfindən İSESCO üzrə Milli Komissiyanın yaradılmasının ölkə rəhbərliyinin təşkilata olan yüksək münasibətinin ifadəsi olduğunu qeyd edən komissiyanın sədri nazir Əbülfəs Qarayev tərəfindən beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadənin komissiyanın baş katibi təyin edilməsi barədə məktubu baş direktora təqdim edib.

Qeyd edək ki, görüşdən sonra nazir Əbülfəs Qarayev və İSESCO-nun baş katibi Muzey Mərkəzində Qusar rayonunun "Azərbaycanın Folklor Paytaxtı" elan olunması ilə bağlı mərasimdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə